17:23, 10 İyul 2019 (Çərşənbə) 103

10 iyul tarixini İşgəncələrə Qarşı Mübarizə Günü elan ediblər

10 iyul tarixini İşgəncələrə Qarşı Mübarizə Günü elan ediblər
Repressiyalar və İşgəncələr Əleyhinə Komitə bu gün Müsavat Partiyasının mənzil-qərargahında 2018-ci il Gəncə hadisələrinə həsr olunmuş tədbir keçirib.

Bu barədə Turan İA məlumat verib.

İclasın əvvəlində məlum olub ki, müttəhimlərdən biri Aydın Qurbanov həbsxana xəstəxanasında vəfat edib. İştirakçılar onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev "2018-ci Gəncə hadisələri: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar" adlı hesabatı təqdim edib.

O deyib ki, məhkəmə proseslərinin monitorinqləri, müttəhimlərin ailə üzvlərindən və vəkillərdən əldə edilən informasiya göstərir ki, Gəncə hadisələri üzrə həbs olunanları sübut olmadan təqib edirlər.

"Gəncənin icra başçısına atəş açan Yunis Səfərov polisdə işgəncələrə məruz qalıb. Onun üzərində zorakılıq əlamətlərinin olduğunu əks etdirən fotosu sosial şəbəkələrdə yayılıb. Bu fotonu yayanlar və iğtişaşlara çağıranlar indiyədək müəyyən edilməyib və tapılmayıb.

Digər tərəfdən şəhərin mərkəzində Rəşad Böyükkişiyevin əlində xəncər rahat gəzməsi, iki polis zabitini öldürüb, sonra gizlənməsi də çoxlu suallar doğurur. Polislər özləri məhkəmədə bildirdilər ki, etiraz aksiyası olan gün onlardan silahları yığıblar", - O.Gülalıyev deyib.

O qeyd edib ki, 1000-ə yaxın adam saxlanılıb. Əksəriyyəti bir neçə gündən sonra buraxılsa da, 80-ə yaxın adam həbs edilib. Onların əksəriyyəti amansız işgəncələrə məruz qalıb. Bəzisi dözməyərık intihara cəhd edib.

İşgəncə tətbiq edənlərin arasında təkcə polis yox, prokurorluq əməkdaşları da olub.

Hesabat müəllifləri işgəncə törədənlərin məsuliyyətə cəlb edilməsinin, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin hərəkətlərinin araşdırılmasının (etirazlara məhz onun hərəkətləri səbəb olub), təqiblərə son qoyulmasının, həbs edilən və mühakimə olunanlara bəraət verilməsinin vacibliyini qeyd ediblər.

Sonda tədbir iştirakçıları 10 iyul tarixini İşgəncələrə Qarşı Mübarizə Günü elan ediblər.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.

Martın əvvəlində ümumi sayı 14 nəfərdən ibarət iki qrupun barəsində hökm çıxarılıb. Onlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zorakılığın tətbiqində ittiham olunaraq 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.