15:35, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 71

15 ildir qəbul olunmayan qanun layihəsi

15 ildir qəbul olunmayan qanun layihəsi
"Doğurdan da, bizim monopolistlər qədər güclüsü heç yerdə yoxdur”. 

Bu sözləri Osman Gündüz "Rəqabət Məcəlləsi”-ni şərh edərkən deyib.

Azərbaycanda "Rəqabət Məcəlləsi” 15 ildir ki, parlamentin müzakirəsinə çıxarılsa da, hələ qəbul edilməyib. 15 il ərzində Azərbaycanın Milli Məclisinə 3 dəfə seçkilər keçirilib.

"Rəqabət Məcəlləsi” azad bazar mühitinin formalaşmasına və haqsız rəqabətin aradan qaldırılmasına yardım edəcək qanun layihəsidir. 

Məcəllədə rəqabət yaradacaq məhsulların davamlı yerli istehsalını təmin etmək, rəqabətyönümlü mühit formalaşdırmaq, inhisarçılığı aradan qaldırmaq, qiymət siyasətini, Antiinhisar Dövlət qurumunun səlahiyyətlərini müəyyən etmək nəzərdə tutulub.

2006-cı ildə Prezident "Rəqabət Məcəlləsi”-ni Milli Məclisə təqdim edib. 2007-ci ildə isə 1-ci və 2-ci oxunuşlardan keçən qanun layihəsi qəbul olunmayıb. 

Daha sonra 5 il bu məsələ Milli Məclisin gündəminə gətirilməyib. 

Növbəti dəfə 2013-cü ildə "Rəqabət Məcəlləsi”-nin 3-cü oxunuşa verilməsinə cəhdlər olub. Lakin bu cəhdlər sonda uğursuzluqla nəticələnib.

2016-cı ildə Prezident tərəfindən təsdiq olunan "Strateji Yol Xəritəsi”ində Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutulub. 

Məsələ 2017-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində müzakirə olunub. Hələlik isə gündəlikdə bu məsələ yoxdur.

"Rəqabət Məcəlləsi” ilə bağlı tez-tez çıxış edən deputat Vahid Əhmədovur. Ən son fevral ayında parlamentdə məsələ barəsində danışmaq istəyən deputata, spiker Oqtay Əsədov "gündəliyə salınanda müzakirə edəcəyik” deyə cavab verib.

Bəs qanunun qəbul olunmamasına səbəb nədir?

2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olmuş Osman Gündüz məsələni birbaşa  parlamentdə oturan oliqarxlarla bağlayır. Ona görə, bu qədər uzun müddətdə məcəllənin qəbul olunmasının qarşısını almaq elə də asan deyil: "Bizimkilər bunu bacarıblar. Əminəm ki, gələcəkdə bu fakt bizim oliqarxların gücünün əsas göstəricisi olaraq xatırlanacaq. Əgər 2-ci dəfə prezidentin imzası ilə təsdiqlənən bir sənədin qəbuluna qanunverici orqan tərəfindən bu dərəcədə müqavimət varsa , deməli, problem cox ciddidir”.

Ekspert hesab edir ki, prezidentin kadr dəyişikliyindən sonra bəzi sahələrdə inhisarçılıqla bağlı yaxşıya doğru hərəkət olsa da, bəzi sahələr pisliyə doğru dəyişib. 

Pisliyə doğru dəyişənlərə misal kimi mütəxəssisi olduğu informasiya və kommunikasiya texnologiyaları sahəsini göstərib: "Xatırlayıram ki, bu sektorda baş verənlərlə bağlı oxşar qərarlar, təxminən 20 il bundan öncə də qəbul olunmuşdu. Onda da özəl sektorla nəhəg inhisarçı qurum olan Rabitə Nazilriyi arasında çoxsaylı məhkəmə çəkişmələri olurdu”.

Ekspert deyir ki, "Rəqabət Məcəlləsi” ilə bağlı indiki parlamentə ümid yoxdur: "Əslində gözləmək də sadəlövhlük olardı. Çünki indiki deputatların da çox hissəsinin elə oliqarxların dəstəyi və təşəbbüsü ilə seçildiyi heç kimə sirr deyil. Oliqarxlar vəzifədə olmasa da, güman ki, təsirləri qalmamış deyil”.

Ekspert çıxış yolu kimi parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini göstərib.

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyət müddəti 5 ildir və ilk çağırışı 1995-ci ildə reallaşıb. Növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək. 2019-cu ilin əvvəlindən, hökumətin "islahatlar” adlandırdığı prosesə paralel olaraq Azərbaycanda parlamentin buraxılması ilə bağlı xəbərlər yayılsa da, prezident Milli Məclisi buraxmadı.

Uğur Fərzəli