14:29, 10 İyul 2019 (Çərşənbə) 443

2 milyon seçici hara yoxa çıxıb? - VİDEO

Cavid Nəsirov seçki siyahısında adı olmayan vətəndaşlardan biridir.

O, onlayn olaraq Mərkəzi Seçki Kommisiyasına müraciət etsə də, cavab ala bilməyib.

Mərkəzi Seçki Komissiyası mayın 29-da ölkə üzrə seçicilərin siyahısını açıqlayıb.

Siyahıya görə ölkə üzrə seçici sayı 5 milyon 212 mindir.

Statistika Komitəsinin verdiyi rəqəmlərdə isə yaşı 18-dən yuxarı olan vətəndaşların sayı 7 milyon 450 mindən çox göstərilib.

Yəni 2 milyondan çox vətəndaşın adı hələ də siyahıya salınmayıb.

Bu rəqəmlər arasında olan fərq nədən qaynaqlanır?

Seçki məsələləri üzrə ekspert Akif Qurbanov  eyni problemin əvvəlki illərdə də olduğunu deyir.

Akif Qurbanovun  rəhbəri olduğu Demokratik Təşəbbüslər İnstitutunun hələ 2014-cü ildə dərc olunan  "Seçici Qeydiyyatının Auditi”  araşdırmasında 19% seçicinin adının siyahıdan kənarda qaldığı üzə çıxıb.

Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli seçicilərin qeydiyyatının il ərzində fasiləsiz aparıldığını deyir.

Azərbaycanda dekabrın 27-də  bələdiyyə seçkiləri keçiriləcək.

Seçki Məcəlləsinə görə, seçicilərin daimi siyahısı  Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir.

Seçki qanunvericiliyə görə, adı seçki siyahısında olmayan vətəndaşlar, seçki günü  qeydiyyatda olduğu  ünvana uyğun məntəqədə adını əlavə seçki siyahısına daxil edərək  səs verə bilərlər.

Uğur Fərzəli