16:26, 06 Noyabr 2018 (Çərşənbə axşamı) 307

2019-cu il dövlət büdcəsi - İNFOQRAFİKA

2019-cu il dövlət büdcəsi - İNFOQRAFİKA
2019-cu il dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri 24,8 milyard manat olaraq təsdiq edilib. 

2018-ci il dövlət büdcəsinin gəlirləri ilkin olaraq 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiqlənmişdi.

Büdcə gəlirləri 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,5 faiz çoxdur. Dövlət büdcəsi ilk dəfədir ki, büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilib.

2018-ci ildə "Büdcə sistemi haqqında" qanun layihəsi strateji yol xəritələrinin tədbirlər planlarına uyğun olaraq dəyişdirilib. Dəyişikliyə əsasən, büdcə qaydasına uyğun icmal büdcənin xərclərinin yuxarı həddi də hesablanıb.
 
 

Növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir.

İqtisadçı Qubad İbadoğlunun hesablamalarına görə, 2019-cu ilin büdcəsinin hər 100 manatından 6 qəpiyi ekologiyaya, 50 qəpiyi elmə, 70 qəpiyi güzəştli mənzil təminatı və sosial ipotekaya, 1 manat 40 qəpiyi mədəniyyətə və incəsənətə, 4 manat 20 qəpiyi səhiyyəyə, 5 manat 72 qəpiyi idarəetməyə, 6 manat 41 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına, 9 manat 20 qəpiyi təhsilə, 9 manat 40 qəpiyi dövlət borclarına xidmətə, 10 manat 30 qəpiyi sosial müdafiə və təminata, 12 manat 56 qəpiyi müdafiəyə, 39 manat 90 qəpiyi tikintiyə xərclənəcək. Bu xərcləri ödəmək üçün istifadə ediləcək hər 100 manatdan 59 manat 30 qəpiyi neft pulları olacaq.
 


İzzətxanım Cabarlı
Toplum.Tv