22:28, 20 İyun 2019 (Cümə axşamı) 161

2019-cu ildə Avropa Məhkəməsində Azərbaycanla bağlı neçə işə baxılıb?

2019-cu ildə Avropa Məhkəməsində Azərbaycanla bağlı neçə işə baxılıb?
Avropa Məhkəməsi 2019-cu ildə Azərbaycana qarşı açılmış işlərdən yeddisinin qərarını açıqlayıb. Daha  üç qərarın isə iyunun 27-də açıqlanacağı gözlənilir.

Məlumatı AM-nin rəsmi saytı yayıb.  Avropa Məhkəməsinin Azərbaycanla bağlı ilk qərarı yanvar ayının 10-da  araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı olub. Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.

Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.

Məhkəmə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması) maddə üzrə şikayəti araşdırmağa ehtiyac görməyib.

Bununla da məhkəmə jurnalistə, mənəvi zərərə görə 15,000 avro, məhkəmə xərclərinə görə 1,750 avro müəyyən edib.

İkinci qərar Azərbaycanda həbsxanada vəfat etmiş "Tolışi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovla bağlı olub.
"Məmmədov və başqaları Azərbaycana qarşı" adlanan iş üzrə hökm fevralın 21-də elan olunub.

Hökmdə deyilir ki, iddiaçının yaşamaq haqqı, şəxsi toxunulmazlıq və işgəncələrin qadağası ilə bağlı Avropa Konvensiyasının təmin etdiyi bir sıra hüquqları pozulub.

Bunları nəzərə alan məhkəmə iş üzrə ikinci iddiaçı sayılan Novruzəli Məmmədovun xanımı - Məryəm Məmmədovaya 20 min avro kompensasiya  və məhkəmə xərclərini görə 4min avro ödənilməsi haqqında qərar çıxarıb.

Mart ayının 7-də Azərbaycana qarşı açılmış iki məhkəmə qərarı açıqlanıb. Bunlardan birisi gənc fəal İlkin Rüstəmzadə ilə bağlı olub. Qərara əsasən Avropa Məhkəməsi onun həbsini Konvensiyanın 5.1 (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusu kimi tanıyıb. Buna görə Azərbaycan hökumətinin üzərinə İ.Rüstəmzadəyə mənəvi zərərə görə 20 min, məhkəmə xərclərinə görə isə 2 min 500 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

Digər qərar isə keçmiş deputatı, biznesmen Hüseyn Abdullayevlə bağlı olub. Avropa məhkəməsi 6-cı maddə (ədalətli məhkəmə hüququ) ilə onun hüquqlarının pozulduğunu tanıyıb və ona 2500 avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb.

Mart ayının 21-də Azərbaycana qarşı daha bir qərar qəbul edilib. Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti Ədalət Axverdiyevin mülkiyyət hüququnun pozulması ilə bağlı 140 min avro maddi, 3 min avro mənəvi və 3 min avro da xərclərə görə kompensasiya təyin edib. 

May ayında isə Azərbaycana qarşı daha iki qərar açıqlanıb. Bu qərarlardan birisi may ayının 9-da Gəncə sakini, mağazası dağıdılmış İlqar Məhərrəmovla bağlı olub. Belə ki, qərara əsasən Məhərrəmova 50 min avro  maddi, 3 min avro mənəvi və 1900 avro da əlavə xərclərə görə kompensasiya təyin edilib.

Mayda Avropa Məhkəməsi Azərbaycana qarşı növbəti qərarını açıqlayıb. Real Partiyasının sədri İlqar Məmmədovla bağlı qərara əsasən Avropa Şurasının tarixində ilk dəfə olaraq 46.1-ci maddənin pozuntusu yekdilliklə tanınıb. Bununla da Məmmədovun seçkilərdə iştirak etmək hüququ bərpa edilib.

Avropa Məhkəməsi  iyunun 27-də Azərbaycanla bağlı daha üç qərarını elan edəcəyi gözlənirlir. Bu barədə hüquqşünas Xalid Ağəliyev məlumat paylaşıb.  "Elnur Əliverdiyev Azərbaycana qarşı” işində Avropa Konvensiyasının 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) və 1 nömrəli protokolun 2-ci maddəsinin (təhsil hüququ) pozuntusuna yol verildiyi iddia edilir. Şikayət ərizəçinin özəl universitetdə 4 il təhsil alması, ancaq diploma ala bilməməsi ilə bağlıdır.

Qərarı açıqlanacaq digər işdə şikayətçi Maştağadakı psixatrik xəstəxanada yaşayan vətəndaşdır. O, ailə qurub, bundan sonra əri onu xəstəxanaya yerləşdirib, evinə sahiblənib. Daha sonar ev satılıb.
 Bu işdə şəxsi və ailə həyatına hörmət hüququnun, mülkiyyət hüququnun, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüququnun pozulduğu iddia olunur.

3-cü işi şikayətçi Lidiya Pavlovna Gabeldir göndərib. Əslən alman olan şikayətçinin etnik kökü ilə bağlı (sənədlərdə rus olması qeyd edilir) məlumatların dəyişdirilməsini tələb etdiyi, ancaq Azərbaycanın rəsmi qurumlarının bunu etmədiyi iddia olunur.
 
Əbülfət Baxşəli