16:58, 03 Yanvar 2019 (Cümə axşamı) 153

Köçkün ailələri müvəqqəti mənzillərdə yerləşdirilib

Köçkün ailələri müvəqqəti mənzillərdə yerləşdirilib
Yanan yataqxanadakı 18 məcburi köçkün ailəsi müvəqqəti mənzillərdə yerləşdirilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Qeyd olunur ki, yanvarın 3-nə keçən gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb: "Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.

Yanğın baş verdikdən sonra dövlət komitəsinin yaratdığı komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, 1-i Laçın rayonundan olan məcburi köçkün ailəsi müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr mənzillə təmin edilənə qədər orada yaşayacaqlar”.