15:14, 04 Yanvar 2019 (Cümə) 303

ABŞ İrana xəbərdarlıq edir

ABŞ İrana xəbərdarlıq edir


/ DÜNYA
Birləşmiş Ştatlar İrana üç kosmik aparat yollamaq kimi "provokativ” planları ilə bağlı xəbərdarlıq edib, bu planın nüvə qabiliyyətli ballistik raketlərə "oxşar” olduğunu, BMT-nin qətnaməsini pozacağını bildirib.

"Birləşmiş Ştatlar dayanıb İran rejiminin destruktiv siyasətinin beynəlxalq sabitliyə və təhlükəsizliyə risk yaratmasına tamaşa etməyəcək”, – Dövlət katibi Mike Pompeo yanvarın 3-də bəyanatında deyib.

"Rejimə bu provokativ planlara yenidən baxmağa, daha dərin iqtisadi və diplomatik təcriddən yayınmaqdan ötrü ballistik raketlərlə əlaqədar bütün fəaliyyəti dayandırmağa çağırırıq”, – deyən Pompeo Birləşmiş Ştatların hansı addımlar ata biləcəyini açıqlamayıb.

Dövlət katibinin sözlərinə görə, Kosmik Raket Daşıyıcılar adlı üç raketin buraxılması BMT-nin Təhlükəsizlik Şurasının 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnaməsinin pozulması deməkdir.

Həmin qətnamələr Tehranı "nüvə silahları daşımağa qadir ballistik raketlərlə əlaqədar heç bir fəaliyyət aparmamağa” çağırır.

Sözügedən qətnamə İranın dünya gücləri ilə imzaladığı nüvə sazişinə əlavə edilib. Saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona maliyyə sanksiyalarının yumşaldılmasını nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Tramp ötən ilin mayında sazişdən çıxdı və Tehrana sanksiyaları bərpa etməyə başladı. Tramp deyirdi ki, Tehran nüvə silahları hazırlamağa davam etməklə və regionda terrorçu fəaliyyəti dəstəkləməklə sazişin ruhuna zidd davranır. İran iddiaları rədd edir.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif də yanvarın 3-də Pompeo-nun yeni iddiaları rədd edib, deyib ki, raket proqramı və oxşar raket sınaqları nüvə deyil, yalnız müdafiə xarakterlidir.

Onun sözlərinə görə, nüvə sazişini Birləşmiş Ştatların özü pozur və "bununla bağlı heç kəsə mühazirə oxumalı deyil”.

Noyabrda İran müdafiə nazirinin müavini, briqada generalı Ghasem Taghizadeh demişdi ki, Tehran "bir neçə aya” fəzaya üç peyk buraxacaq.

İranın xəbər agentlikləri peyklərin telekommunikasiya məqsədli olduğunu bildirir.

ABŞ rəsmiləri İranın raket sınaqlarını dəfələrlə pisləyib.

Azadlıq Radiosu