17:23, 21 Fevral 2019 (Cümə axşamı) 377

"Ermənistana məxsus PUA vurulub"- Nazirlik

​Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurduğunu bildirir.

Müdafiə Nazirliyinin (MN) fevralın 21-də bununla bağlı yaydığı məlumatda deyilir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan növbəti təxribat törədib.

"Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri «X-55» taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib", - MN bildirir.

Verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri PUA-nı dərhal aşkarlayaraq zərərsizləşdirib.

Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə Ermənistanın ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilib.