12:04, 01 İyun 2019 (Şənbə) 61

"Müqavilə kağız parçasıdır, hansısa şkafda qalacaq" - Vahid Məhərrəmli

Mayın 31-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa arasında sənədlərinin imzalanması mərasimi olub.

İmzalanan sənədlərdən biri də  "Azərbaycan Respublikasının kənd Təsərrüfatı Nazirliyi  ilə Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”dur. 

Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Toplum.Tv-yə deyib ki, Polşa kənd təsərrüfatı sahəsində Avropada inkişaf etmiş ölkələrdən biridir: "Polşa əsasən, meyvə-tərəvəz və heyvandarlıq məhsullarını daha çox istehsal edir. Bu məhsullar isə daha çox postsovet ölkələrinə ixrac olunur. Polşanın istehsal etdiyi məhsullar  rəqabət xarakterlidir, keyfiyyətlidir, ucuzdur  və saxlama müddəti uzundur. Onlar bu işi bacarır. Əsas sual budur ki, bəs biz Polşaya nə verə bilərik?”

Ekspertin sözlərinə görə, Azərbaycan Polşaya ancaq onlarda istehsal olunmayan meyvələri verə bilər: "Çox təssüflər olsun, Azərbaycanda hələ meyvə-tərəvəz istehsalı elə səviyyədə deyil ki, xarici ölkələrə məhsul ixrac etsin. Son zamanlarda elə bir ölkə qalmayıb ki, onlarla müqavilə bağlanmasın. Bəs yaxşı biz onlara nə verə bilərik? Təəssüf ki, heç nə. Çünki biz hələ daxili təminatı ödəyə bilmirik”. 

Ekspert deyir ki, daxili istehsal hesabına əhalinin tələbatı ödənmir: "Azərbaycan digər ölkələrdən gələn iş adamları ilə iş görüntüsü yaratmaq üçün müqavilə bağlayır. Ancaq müqavilə əsas şərt deyil, əsas odur ki, keyfiyyətli məhsul istesal edəsən. Keyfiyyətli məhsul olmayandan sonra o qədər müqavilə bağlansın ki, nə fayda olacaq? Müqavilə kağız parçasıdır, hansısa masanın üstündə və ya şkafda qalacaq. Bunun istehsala heç bir faydası olmayacaq”.

Vahid Məhərrəmlinin fikrincə, yaxşı olar ki, Azərbaycan istehsala fikir versin və Ümumdünya Ticarət Təşkilatına üzv olsun.

Lalə Tağızadə