18:47, 16 Sentyabr 2019 (Bazar ertəsi) 136

2020-ci ilin büdcə layihəsi: müsbət və mənfi tərəfləri

2020-ci ilin büdcə layihəsi: müsbət və mənfi tərəfləri
Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə və ictimaiyyətə təqdim edib.

Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu il ilə müqayisədə hər bareldə 5 dollar azdır. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı Vüqar Bayramov neft bazarındakı qeyri-sabitliyi nəzərə alaraq, qiymətin aşağı götürülməsini məqsədə uyğun hesab edir: "Hətta İqtisadi və Sosial İnkişaf Mərkəzi neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hucumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblər ilə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır”.
 


Neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq, gələn il dövlət büdəcinin gəlir və xərclərində bu il ilə müqayisədə artım proqnozlaşdırılır. Layihəyə görə, gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci il ilə müqayisədə 427 milyon manat çoxdur.

İqtisadçı deyir ki, büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır.

2020-ci ilin dövlət büdcəsinin sosial istiqamətlərə ayrılan birbaşa vəsaitin həcminin ümumi büdcə xərclərində 40 faizində çox olacaq.  Bu illə müqayisədə gələn il sosial xərclərə 2 milyard 664 milyon manat daha çox vəsait ayırlacaq. Vüqar Bayramov bunu layihənin pozitiv tərəfi adlandırıb.

Gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır. Belə ki, büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfer ediləcək. Neft Fondundan bu il büdcəyə 11 milyard 364 milyon manat ödənilməlidir.

Bu məsələyə də münasibət bildirən iqtisadçı deyib ki, nazirlik fonddan transferləri artırılmasına deyil, azaldılmasına çalışmalı idi: "Çünki, büdcənin neftdən və xüsusən də neftin dünya bazarından asılılığının aradan qaldırılması əsas prioritet olaraq qalır. Doğrudur, gələn il qeyri-neft sektorunun budcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3 faiz artacaq. Bu, müsbət tendensiya olsa da belə, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə cari ilin büdcəsi ilə müqayisədə diqqəti cəlb edən məqamlardan danışıb.

Qubad İbadoğlu da layihədə ilk diqqətçəkən məqamın 2020-ci ildə büdcənin sosialyönümlü xərcləri ilə bağlı olduğunu deyib. Belə ki, sosialyönümlü xərclər 11 milyard 253 milyon 700 min manat təşkil edəcək. 2019-cu ildə cəmi xərclərin 30,8 faizini təşkil edən xərclər gələn il büdcənin 40,7 faizini təşkil edəcək.
 


İqtisadçı gələn il Azərbaycan Dövlət Neft Fondundan büdcəyə transfert edilməsi nəzərdə tutulan məbləğin 2019-cu illə müqayisədə 403 milyon manat, və ya 3,55% çox olmasını da maraqlı məqam adlandırıb. 

Bütövlükdə 2020-ci ildə 24 milyard 484 milyon manat olacaq dövlət büdcəsinin 43 faizi qeyri-neft sektorunun, 57 faizi isə neft sektorunun payına düşəcək. 

"Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi 2020-2023-cü illər üçün verdiyi proqnozlarında, büdcə tərkibində qeyri-neft sektorunun payı 65,8 faiz, neft sektorunun isə 34,2 faiz olacağını deyib”, - deyə ekspert qeyd edib.

Başqa maraqlı sayıla biləcək məqam isə növbəti ilin büdcəsindən dövlət borcuna xidmət üzrə 2 milyard 458 milyon 200 min manat xərc proqnozlaşdırılmasıdır. Bu da cari illə müqayisədə 123 milyon 400 min manat çoxdur.

Qubad İbadoğlu 2020-ci ilin büdcəsində ilk dəfə olaraq cari xərclərin cəmi xərclərdə xüsusi çəkisinin 60 faizi ötəcəyini deyib: "Bu isə o deməkdir ki, qeyri-neft gəlirləri büdcənin cari xərclərinin 80 faizini ödəyə biləcək, cari xərclərin yerdə qalan 20 faizi, dövlət borcuna xidmət xərcləri və əsaslı xərclər bütövlükdə neft gəlirləri hesabına maliyyələşdiriləcək. Bu isə o deməkdir ki, Azərbaycanda hələ də büdcənin artan xərcləri qeyri-resurs sektoru hesabına təmin edilməsi mümkün deyildir. Beləliklə də, növbəti ilin büdcəsinin xarici şoklardan asılılığı artıb və büdcə gəlirlərinin təmin olunması riski çoxalıb”.

2020-ci ilin büdcə layihəsi ilk dəfə olaraq Maliyyə Sabitliyi Şurasında da müzakirə olunub.

Uğur Fərzəli