Maliyyə Nazirliyi 2020-ci ilin büdcəsini hazırlayıb hökumətə təqdim edib.
Büdcə layihəsində hansı sahələrə nə qədər vəsaitin ayrılması açıqlanıb.
2020-ci ilin büdcəsinin hansı sahələrə xərclənəcəyi təqdim etdiyimiz yazı, video və infoqrafikalarda əksini tapıb.
Yuxarıdakı videoda 2008-2020-ci illər arasında büdcənin xərcləndiyi 13 əsas sahə göstərilib.
Milli Məclisin 25 noyabrda təsdiqlədiyi qanuna görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min, xərcləri 26 milyard 913 milyon 700 min manat məbləğində təsdiq edilib.
2019-cu ilə nisbətən büdcə xərcləri 1 milyard 723 milyon 700 min manat artıb.
2019-cu ilə nisbətən 2020-ci ildə ümumi büdcə xərcləri artdığı üçün sosial sahəyə ayrılan vəsait 31,1%, təhsilə ayrılan büdcə 38,3%, elmə ayrılan vəsait 42,1%, səhiyyə sahəsinə ayrılan maliyyə 31,3% artırılıb.
Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2020-ci ilin dövlət büdcəsi xərclərinin 21,6%-ni təşkil edib. Bu 2019-cu ilə nisbətən 1 milyard 70 milyon 700 min manat və ya 22,5% çoxdur.
Aşağıdakı infoqrafikada 2020-ci il büdcəsindən ən çox vəsait ayrılan 5 sahə göstərilib:
Əlavə olaraq iqtisadi fəaliyyət, kənd təsərrüfatı, mədəniyyət və incəsənət, ətraf mühitin mühafizəsi, mənzil və komunnal təsərrüfatı üçün ümumilikdə 2 milyard 622 milyon 700 min manat maliyyə ayrılacaq.
Nəqliyyat və rabitə sahəsinə aid olan "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün 10,0 milyon (Naxçıvan Muxtar Respublikasına gedən aviareyslərə görə yaranmış zərərin ödənilməsi ilə bağlı xərclər), "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üçün 40,0 milyon, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti üçün 28,0 milyon manat maliyyə ayrılıb.
İqtisadi fəaliyyətlə bağlı xərclərdə nəzərdə tutulmuş vəsaitin 142,0 milyon manatı Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri məqsədilə sosial mənzillərin tikintisi və ipoteka layihələrinin maliyyələşdirilməsinə ayrılıb.
Əsas sahələrdən əlavə olaraq əsas bölmələrə aid edilməyən xidmətlərə görə 1 milyard 798 milyon manat vəsait xərclənəcək.
Əlavə sahələrdən sayılan beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üçün dövlət büdcəsi xərclərinin 1,5% həcmində və ya 412,8 milyon manat vəsait nəzərdə tutulub.
Əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon, dövlət büdcəsinin Ehtiyat Fondu üçün 110 milyon manat vəsait nəzərdə tutulub.
2020-ci ildə dövlət büdcəsinin yerli xərcləri 850,1 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 7,3 milyon manat və ya 0,9% çoxdur.
2004-2017-ci illərdə, yəni 13 il ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı layihələrə 62 milyard 800 milyon manat xərclənib.
2020-ci ildə tele-radio və mətbuata 52,0 milyon manat ayrılması nəzərdə tutulub ki, bu keçən ildəkindən 11,9% çoxdur.
Ayrılmış vəsaitin keçən ildəkindən çox olmasına baxmayaraq, büdcənin məqsədindən kənarda xərclənməsi ilə bağlı tez-tez xəbərlər yayılır.
Belə məlumatlar Hesablama Palatası tərəfindən də yayılır. Palatanın istifadə etdiyi "Vahid Büdcə Təsnifatının iqtisadi və funksional təsnifat kodunun dəyişdirilməsi ilə icra edilib” kimi ifadələr, aydın dildə desək, büdcənin məqsədindən kənarda xərcləndiyi mənasına gəlir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.