16:24, 12 Aprel 2019 (Cümə) 133

321 saylı məktəbdə şagirdin döyülmə halı təsdiqlənib

321 saylı məktəbdə şagirdin döyülmə halı təsdiqlənib
Bakının Qaradağ rayonundakı 321 saylı orta məktəbin 7-ci sinif şagirdinin məhz müəllim tərəfindən döyülərək xəsarət yetirildiyi təsdiqlənib. Bundan əvvəl məktəb şagirdin "riyaziyyat dərsində qəfildən yıxılaraq xəsarət aldığını" açıqlamışdı.

Lakin şagirdin aparıldığı xəstəxana onun müəllim tərəfindən döyüldüyünü təsdiqləyib.  1 saylı Kliniki Tibbi Mərkəzin həkim-cərrahı Adil Salahov virtualaz.org-a deyib ki, əvvəlcə uşaq "hava almaq üçün pəncərəni açarkən yıxılıb xəsarət aldığı"nı deyib. Şagird həmin izahatı verərkən atası da yanında olub. Lakin daha sonra şagird məktəbdə müəllim tərəfindən döyüldüyünü təsdiqləyib.

"Aqşin  Hüseynzadə xəstəxanada hərtərəfli müayinə olundu, vəziyyəti qənaətbəxş idi. Biz onun bir müddət xəstəxanada qalmasını tövsiyə etdik, amma atası sənəd imzaladı və uşağı evə aparmaq istədiyini dedi. Biz də onu xəstəxanadan buraxdıq"-həkim deyib.

Həkimin bildirdiyinə görə  məktəbli ilə birlikdə daha 5-6 nəfər, o cümlədən Təhsil Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları da xəstəxanaya gəlmişdi.

 Xatırladaq ki, az əvvəl Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz facebook səhifəsində bunları bildirmişdi: "Hazırda Kliniki Tibbi Mərkəzinin 4- cu korpusundayam. 321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam. Şagird evlərinə gedir . Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.

Lakin Cəsarət Valehov şagirdin xəsarət almasının səbəbini göstərməmişdi.

Göründüyü kimi Təhsil Nazirliyi növbəti dəfə məktəbdə şagirdə qarşı baş vermiş cinayət hadisəsini ört-basdır etməyə çalışıb. Çünki məktəbin adından şagirdin guya qəfil yıxılaraq xəsarət aldığı haqda rəsmi açıqlamanı Bakı şəhəri üzrə Təhsil İdarəsi yaymışdı.