15:25, 17 Oktyabr 2020 (Şənbə) 93

50 partiya beynəlxalq təşkilatlara müraciət göndərəcək

50 partiya beynəlxalq təşkilatlara müraciət göndərəcək
"Report”un məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən 50 partiya ayrı-ayrılıqda Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNICEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO), Milli Demokratiya İnstitutuna, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, İslam Əməkdaşlıq Təşkilatına, Ümumdünya İslam Konqresinə, Avronest Parlament Assambleyasına, Beynəlxalq Qaçqınlar Təşkilatına, "Human Rights Watch”, "Transparency International”, "Amnesty International”, Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatlarına oktyabrın 17-də Gəncəyə raket hücumu ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri vurğulanıb, 2016-cı il, aprel döyüşləri, 2020-ci il, iyul döyüşləri barədə məlumat verilib.
 
Daha sonra sentyabrın 27-dən oktyabrın 17-nə kimi gedən döyüşlər zamanı mülki əhalinin atəşə tutulması, Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da atəşkəs elan olunması və atəşkəsdən sonra Ordubad və Gəncəyə raket hücumları barədə məlumat verilib.

Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncə şəhəri Ermənistan ordusu tərəfindən raket atəşinə tutulub. Son məlumatlara görə, 13 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.