12:26, 16 May 2019 (Cümə axşamı) 28

700 quş növünün adının dəyişdirilməsi lahiyəsi Nazirlər Kabinetinə göndərilib

700 quş növünün adının dəyişdirilməsi lahiyəsi Nazirlər Kabinetinə göndərilib
"Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”.

Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Məsələ ilə əlaqədar bir müddət əvvəl tərkibində AMEA-nın Zoologiya İnstitutu, İnstitutun Naxçıvan filialının Bioresurslar İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiya yaradılıb: "Uzunmüddətli müzakirələrdən sonra quş adlarının bəziləri dəyişdirildi, bəziləri qaldı, bəziləri isə iki adla qeyd edildi”.

İnstitut direktoru bildirib ki, yekun qəbul edilən qərar Akademiyanın Biologiya və tibb elmləri bölməsinə verilib: "Məsələ bir daha müzakirə edildi və bəzi xırda dəyişikliklər edilərək ümumilikdə 700-ə yaxın quş növünün adı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Sadəcə, mətbuatda şou yaratmaq naminə məhz 20 quş növünün adı gündəmə gətirildi”.

E.Yusifov bidirib ki, Azərbaycan faunasında 402 quş növü təsdiq edilib və onun içərisində fikir ayrılığı yaradan 20 adın içərisində, təxminən, yarısını birmənalı şəkildə saxladıq: "Quşlara veriləcək milli adlarımız olduğu təqdirdə rus adlarının verilməsini məqsədəuyğun hesab etmədik”.
 
Report.az