10:33, 04 İyun 2019 (Çərşənbə axşamı) 66

9-cu sinif şagirdlərinin buraxılış imtahanının ikinci mərhələsini keçiriləcək

9-cu sinif şagirdlərinin buraxılış imtahanının ikinci mərhələsini keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.  

Məumatda bildirilir ki, həmin gün ümumilikdə 40234 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340 nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.