13:33, 08 Noyabr 2018 (Cümə axşamı) 92

Ağ Ev CNN müxbirinin pres-kartını alıb

Ağ Ev CNN müxbirinin pres-kartını alıb


/ DÜNYA
Ağ Ev CNN televiziyasının əməkdaşının akkreditasiyasını ləğv edib. Bu, müxbirlə Prezident Donald Tramp arasında noyabrın 7-də, aralıq seçkilərdən sonrakı mətbuat konfransında yaranmış mübahisədən sonra baş verib.

Jurnalist Jim Akosta Latın Amerikasından Birləşmiş Ştatların cənub sahillərinə yol almış miqrant karavanıyla bağlı prezidentdən soruşub ki, o, seçki kampaniyası zamanı "mühacirləri qaralamayıb ki”.

Tramp bunu təkzib edərək deyib ki, miqrantların ölkəyə "qanuni yolla” gəlməsini istəyir. Akosta isə deyib ki, "onlar yüzlərlə mil uzaqdadırlar, bu, işğal deyil”.
 
 

Tramp isə jurnalistə tərəf dönüb: "Yetər, mikrofonu söndürün”.

Xanım əməkdaş mikrofonu jurnalistdən ala bilməyib, "üzr istəyirəm, xanım”, – Akosta deyib.

Ağ Evin mətbuat katibi Sara Sanders insidentdən sonra verdiyi bəyanatda Akostanı "Ağ Evdə işini görməyə çalışan gənc qadına mikrofonu fiziki gücü hesabına verməməkdə” ittiham edib, bunu "tamamilə qəbuledilməz” adlandırıb.

Akosta isə tvitində yazıb ki, işçiyə qarşı fiziki güclə davranması barədə deyilənlər "yalandır”.

CNN isə müxbirini müdafiə edib, bildirib ki, Akosta-nın akkreditasiyası "onun kəskin suallarına görə” ləğv olunub. Televiziya Sandersi Akostanın hərəkətləri barədə yalan danışmaqda suçlayıb.

Dünənki mətbuat konfransı prezidentin jurnalistlərlə münasibətlərinin nə dərəcədə gərgin olmasını bir daha ortaya qoyub.

Tramp konfransda deyib ki, aralıq seçkisi respublikaçılar üçün "Böyük Qələbə” olub, "Mənfur və Düşmən Medianın təzyiqi altında” əldə edilib.

Ağ ev Müxbirlər Assosiasiyası noyabrın 7-də yaydığı bəyanatda bildirib ki, "Ağ evə akkreditasiyanın ləğvi ehtimal edilən pozuntuya yersiz reaksiyadır və qəbuledilməzdir”.

Azadlıq Radiosu