10:46, 11 Oktyabr 2018 (Cümə axşamı) 144

“ABŞ Dövlət Departamenti Əfqan Muxtarlının işi ilə bağlı narahatdır” - Corc Kent

“ABŞ Dövlət Departamenti Əfqan Muxtarlının işi ilə bağlı narahatdır” - Corc Kent
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Corc Kentin Bakı səfəri zamanı demokratiya, regional təhlükəsizlik, Qarabağ münaqişəsi və ikitərəfli əlaqələr müzakirə olunub.

"Biz regionda təhlükəsizliyin təminatı və möhkəmləndirilməsi məqsədilə Azərbaycan hökumətinin fəaliyyətini yüksək qiymətləndiririk", - o, çərşənbə günü ABŞ səfirliyində keçirilən mətbuat konfransında deyib.

"Cənub" qaz dəhlizi Avropaya enerji resurslarının nəqlinin diversifikasiyasının təminatında böyük rol oynayır. Bəzi ölkələr enerji faktorundan "siyasi silah" kimi istifadə edirlər, odur ki, "Cənub" qaz dəhlizi nəqlin diversifikasiyasının təmin olunmasına yardım edir.

Qarabağ münaqişəsinə toxunan C.Kent Azərbaycan və Ermənistan liderlərinin Düşənbə görüşünü müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik səngiyib. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin dinc nizamlanması üçün hər şeyi edir.

Azərbaycanda demokratiyanın vəziyyəti və insan hüquqları ilə bağlı sualın cavabında C.Kent deyib ki, bu məsələlər Azərbaycan rəhbərliyi ilə görüşündə müzakirə edilib. Onun sözlərinə görə, fundamental azadlıqların təmin olunması prinsipi istənilən cəmiyyətin inkişafının təminatı üçün əsas prinsiplərdən biridir. "Çox ümid edirəm ki, növbəti səfərim zamanı "Azadlıq" radiosunun reportajlarını dinləyə biləcəyəm", - o vurğulayıb.

"Ümumilikdə medianın vəziyyətinə gəlincə, mətbuat azadlığı vətəndasların azadlığının və onların öz fikrini sərbəst ifadə etmək və informasiya əldə etmək hüququnun təminatının göstəricilərindən biridir", - C.Kent bildirib.

"Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı nə deyə bilərsiniz" sualının cavabında C.Kent deyib ki, bu məsələni Bakıda yox, iki həftə öncə ABŞ-da Gürcüstan hakimiyyəti ilə müzakirə edib. Vaşinqton bütün dünyada jurnalistlərin təhlükəsizliyinin təminatına tərəfdardır. Odur ki, Ə.Muxtarlı ilə baş verənlər ABŞ-ı narahat edir, o vurğulayıb.

2014-cü ildə Azərbaycan hakimiyyəti "Azadlıq" radiosunun Bakı ofisini bağlayıb.

Jurnalist Əfqan Muxtarlı 2017-ci ildə Tbilisidə oğurlanaraq Azərbaycana verilib və burada qaçaqmalçılığa görə mühakimə olunub.

Turan