10:48, 21 Yanvar 2020 (Çərşənbə axşamı) 64

ABŞ hava limanlarında yeni virusa görə yoxlamalar aparılır

ABŞ hava limanlarında yeni virusa görə yoxlamalar aparılır


/ DÜNYA
ABŞ-ın üç hava limanında yeni tənəffüs yolları virusunun simptomları olduğu ehtimal edilən səyahətçiləri aşkar etmək üçün yoxlamalar aparılır. Yeni virus Çinin mərkəzi Uhan şəhərində bu günə kimi iki nəfərin ölümünə səbəb olub. Ümumi yoluxanların sayı 65 nəfərdir.

AmerikanınSəsi xəbər verir ki, San-Fransisko beynəlxalq hava limanı Uhandan birbaşa və ya tranzit uçuşlar vasitəsilə ABŞ-a səyahət edənlər üçün yoxlanış proqramı başladıb.

İndiyə qədər yeni virus Çindən kənarda Yaponiya və Taylandda yayılıb və Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) rəsmiləri jurnalistlərə açıqlamada Çindən kənarda daha çox yoluxmaların olacağını gözlədiklərini bildirib. Rəsmilər amerikalılar üçün daha az risk olduğunu qeyd edib.

Yanvarın 19-dan etibarən 65 nəfərin bu virusa yoluxduğu təsdiqlənib. Bütün xəstələr ya Uhan sakinləri, ya da yaxın zamanlarda adıçəkilən şəhərə gedən insanlar olub. Onların simptomlarına hərarət, öskürək və nəfəs almaqda çətinlik daxildir.

Uhanda olan 62 xəstədən ikisi ölüb, 19 nəfər isə xəstəxanadan buraxılıb.

Tayland da Uhandan gələn iki çinli turistin pnevmoniya xəstəliyinə yoluxduğunu təsdiqləyib. Yaponiya isə Uhana səyahət edən bir Yaponiya vətəndaşının eyni virus daşıyıcısı olduğunu bildirib.

Xəstəliklərə Nəzarət Mərkəzi üç hava limanına - Los Anceles, San Fransisko və Nyu York Con F. Kennedi beynəlxalq aeroportlarındakı karantin stansiyalarına əlavə olaraq 100 işçinin göndəriləcəyini açıqlayıb.

Müayinə prosedurlarına əsasən, Uhandan gələn səyahətçilər anket doldurmaq və hərarətin yoxlanılması üçün hava limanındakı xüsusi bir əraziyə aparılır. Simptomları olanlara sağlamlıq və yoluxma ilə əlaqəli əlavə suallar verilir və daha çox müayinəyə ehtiyacı olanlar isə əlavə yoxlamalar üçün təyin olunmuş tibbi müəssisəyə göndərilir.

Xəstəliklərə Nəzarət Mərkəzinin rəsmiləri yoluxma halları davam etdiyi üçün yoxlamaların davam etdirilə biləcəyini qeyd edib.

Çin virusu hesab olunan koronavirus soyuqdəymədən şiddətli kəskin tənəffüs sindromuna qədər infeksiyalara və ya SARS-a səbəb ola bilən viruslar ailəsinə məxsusdur. SARS ağır yoluxucu virus növüdür. 2002-ci ildə Çində yaranan və nəticədə 37 ölkəyə yayılan bu virus 774 nəfərin ölümünə səbəb olmuşdu.

Səhiyyə işçiləri Çindən gələn yeni virusun SARS qədər ölümcül olduğunu düşünmürlər, lakin tədqiqatlar davam etdirilir və virusun insandan insana asanlıqla keçib-keçmədiyi hələ məlum deyil.