18:23, 08 Yanvar 2021 (Cümə) 76

ABŞ məhkəməsi rus hakerə 12 il həbs cəzası verdi

ABŞ məhkəməsi rus hakerə 12 il həbs cəzası verdi


/ DÜNYA
FOTO:sosial media

Nyu-York məhkəməsi kibercinayətlərdə ittiham olunan rusiyalı haker Andrey Tyurini 12 il müddətinə həbs cəzasına məhkum edib. O, cəzasını çəkdikdən sonra Rusiyaya ekstradisiya olunacaq. 

Bu barədə yanvarın 8-də "Radio Svoboda" məlumat verib.

Tyurin 2018-ci ilin sentyabrında Gürcüstanda həbs edilib və Birləşmiş Ştatlara ekstradisiya olunub. Haker Birləşmiş Ştatlarda "JPMorgan Chase", "Fidelity Investments", "E-Trade Financial" və "Dow Jones" kimi şirkətlərin də daxil olduğu maliyyə qurumlarının 80 milyondan çox müştərisinin şəxsi məlumatlarını oğurladığını etiraf edib.

İttiham tərəfi ABŞ tarixində Amerika banklarına qarşı ən böyük kibercinayət törədildiyini bəyan edib. Hüquq-mühafizə orqanlarının versiyasına görə, müttəhim əldə etdiyi informasiyanı müxtəlif cinayət sxemlərində istifadə edilməsi üçün cinayət ortaqlarına ötürüb.

Tyurini əvvəlcə, demək olar ki, ömürlük həbs cəzası gözləyirdi, amma istintaqla əməkdaşlığı sayəsində o, daha yumşaq cəzaya ümid edə bilib.

Andrey Tyurin son illərdə üçüncü ölkələrdən ekstradisiya nəticəsində ABŞ ədalət məhkəməsinin əlinə keçən ən azı dördüncü rusiyalı hakerdir. Daha əvvəl Andrey Boqdanov Tailandda, Yevgeni Nikulin Çexiyada və Pyotr Levaşov İspaniyada eyni aqibətlə üzləşiblər.  Onların hamısı kibercinayətlərlə bağlı işlərdən dolayı hüquqi araşdırmalar üçün Birləşmiş Ştatlara ekstradisiya olunublar.