11:30, 05 Noyabr 2019 (Çərşənbə axşamı) 58

ABŞ Paris iqlim sazişindən rəsmən çıxır

ABŞ Paris iqlim sazişindən rəsmən çıxır


/ DÜNYA
Birləşmiş Ştatlar 2015-ci il Paris iqlim sazişindən rəsmən çıxmaq proseduruna başlayıb.
 
Bunu Dövlət katibi Mike Pompeo noyabrın 4-də açıqlayıb.

Prezident Donald Tramp hələ seçki kampaniyası dövründə sazişə qarşı çıxırdı. Administrasiyası ətraf mühitlə bağlı bəzi qaydaların icrasını dayandırıb, onların biznesə ziyan vurduğunu, digər ölkələrə Birləşmiş Ştatlar üzərində üstünlük verdiyini bildirib.

Pompeo BMT-yə rəsmi bildiriş təqdim etdiyini deyib. Bununla sazişdən çıxma prosesi başlanır, ancaq bu, bir il ərzində rəsmiləşir.

200-dək ölkənin imzaladığı iqlim sazişində hər bir ölkə atmosferə buraxılan karbon qazının həcmini azaltmaq öhdəliyi götürür.

Pompeo bəyanatında Vaşinqtonun karbon emissiyalarını azaltdığını bildirib, ancaq Paris sazişini ölkə iqtisadiyyatına "ədalətsiz iqtisadi yük” adlandırıb.

Birləşmiş Ştatlar sazişdən çıxan ilk ölkədir. Qaydalara görə, 2016-cı il noyabrın 4-dən, sazişin ratifikasiyasından sonra üç il ərzində ondan çıxmaq olmazdı.