19:48, 11 Fevral 2020 (Çərşənbə axşamı) 42

ABŞ səfirliyi seçkilərlə bağlı bəyanat yaydı

ABŞ səfirliyi seçkilərlə bağlı bəyanat yaydı
ABŞ-ın Azərbaycandakı səfirliyi  9 fevral  növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bu barədə səfirliyin saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT DTİHB-nin monitorinq missiyasının  9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşür.

Sənəddə deyilir ki, Azərbaycan seçki prosesindəki pozuntuları tez bir zamanda araşdıracağına dair söz verib.

Bildirilib ki, bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar olub: "Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi”.

Qeyd olunub ki, DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib: "Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır”.

"Biz güclü, sabit, demokratik və firavan gələcəyi təmin etmək üçün göstərdikləri səylərdə Azərbaycan hökuməti və insanlarıyla işləməyə sadiq qalırıq”, - deyə səfirlik sonda qeyd edib.

Elmar Əziz