13:10, 23 Oktyabr 2019 (Çərşənbə) 1881

ABŞ Səfirliyi yayılan səs yazısı barədə açıqlama yaydı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyinin Müvəqqəti İşlər vəkili Michael Dickerson son zamanlar Azərbaycanda bəzi media orqanlarında gedən fikirlərlə bağlı açıqlama yayıb.

O qeyd edib ki, son zamanlar mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olduğu barədə yayılan ittihamlar yalan və absurddur.

M.Dickerson deyib ki, bununla bağlı məqalələrin, verilişlərin geri çəkilməsini və qaldırılmasını təqdir edirik:

"Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ müstəqil, sabit, firavan və demokratik bir Azərbaycanı dəstəkləyib. Son 26 ildə biz 1.5 milyard dollardan çox yardım göstərmişik ki, bu çoxsaylı azərbaycanlıların həyatında müsbət dəyişiklik yaradıb. Buraya təhlükəsizlik, səhiyyə, kənd təsərrüfati, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, qadın sahibkarlığı, turizm və təhsilin yaxşılaşdırılmasına kömək daxildir. 25 il əvvəl əsrin müqaviləsinin imzalanmasından başlamış və Cənub Qaz Dəhlizinin inşası zamanı daxil olmaqla, ABŞ həmişə Azərbaycanın enerji ehtiyatlarını onun öz şərtləri ilə emal və ixrac etmək üçün müstəqil, suveren hüququnu dəstəkləyib. ATƏT-in MİNSK qrupunun həmsədri kimi ABS Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərlə işləmək əzmindədir. 1993-cü ildən bəri münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlılara 125 milyon dollardan çox yardım göstərmişik. Biz Azərbaycan höküməti və xalqı ilə tərəfdaşlığımızı, dostluğumuzu yüksək qiymətləndiririk. Sonrakı illərdə də hər iki xalqın qarşılıqlı mənfəəti naminə əməkdaşlığımızı dərinləşdirməyə davam edəcəyimizə ümüd edirəm”.

Son günlər Azərbaycandakı bəzi media orqanlarında ABŞ əleyhinə bir sıra veriliş və yazılar yayılıb.

Hətta belə verlişlərdən birində ABŞ səfirliyinin əməkdaşına aid olduğu iddia edilən telefon danışığı da yayılıb.

Sonradan bu veriliş və məqalələr həmin media orqanları tərəfindən silinib.
 
Aytac Ağazadə