17:46, 25 Oktyabr 2020 (Bazar) 145

“ABŞ səfirliyinin açıqlaması terroru təşkil edənlərə xəbərdarlıqdır"

“ABŞ səfirliyinin açıqlaması terroru təşkil edənlərə xəbərdarlıqdır
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin oktyabrın 24-də öz vətəndaşlarına etdiyi xəbərdarlığı "Toplum TV"yə şərh edərkən belə deyir.

"Bu məlumatlar hansısa yolla ABŞ xüsusi xidmət orqanlarına sızıb. Belə məlumatları yoxlamaq çətin olur, lakin bu məlumatlar terrorla bağlı olduğuna görə, dəqiqləşdirmə aparmadan xəbərdarlıq edilir".

O bildirir ki, bu xəbərdarlıqda diqqəti cəlb edən məqam xüsusi olaraq "JW Mariott Absheron" hotelinin ərazisindən uzaq durmağın məsləhət görülməsidir. İ. İsmayılın sözlərinə görə, bunun iki səbəbi ola bilər: "Bu terroru təşkil edənlərə xəbərdarlıqdır ki, biz sizin nə etmək istədiyiniz haqda məlumatlıyıq. Digər tərəfdən isə bu dövlət təhlükəsizlik orqanları ilə koordinasiya edilmiş prosesin göstəricisidir".

Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanda çox sayda terror aksiyaları baş verib. Bir neçə dəfə qatar və ya avtobus partladılıb, onlarla insan həlak olub və yaralanıb. Bu terror hadisələrindən ikisi daha çox yadda qalıb. Onların hər ikisi də 1994-cü ildə baş verib. 

Həmin il martın 19-da  Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı. O zaman keçirilən məhkəmə qərarına görə, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdi.  

İstintaq zamanı müəyyənləşdirilmişdi ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırırmışlar.
 
"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçdiyi deyilən 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdi.

Bundan bir neçə ay sonra- iyulun 3-də isə Bakı metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı.

Rəsmi məlumatda həmin hadisənin də Ermənistan tərəfindən hazırlandığı bildirilirdi.
 
Son illər Azərbaycanda bu cür terror aksiyalarına rast gəlinmir. 

Amma bugünlərdə Azərbaycanla Ermənsirtan arasında savaş getdiyi bir vaxtda – oktyabrın 15-də Dövlət Təhlükəsizlik Xidməti əhalini ayıq-sayıq olmağa çağırıb, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edib. 

DTX-nın məlumatında deyilirdi ki, Ermənistan xüsusi xidmət orqanları cəbhədə silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkənin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri terror əməllərini təkrarlamaq niyyətindədirlər. 

Daxili İşlər Nazirliyi də oxşar çağırış edərək əhalini gördüyü, rastlaşdığı şübhəli əşyalara toxunmamağa çağırıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, Azərbaycan son illərdə terror hadisələrinin sayının sıfıra yaxın olduğu ölkələrdən biridir, "amma bu, ölkədə terrora cəhd edilmədiyi anlamına gəlmir”. Ekspert hesab edir ki, təhlükəsizlik xidməti orqanları qabaqlayıcı tədbirlərlə bu aktların qarşısını alır. 

İ. İsmayıl da bu fikridədir ki, vətəndaşlar xüsusi xidmət orqanlarının da xəbərdarlıq etdiyi kimi ictimai yerlərdə və əhalinin sıx toplaşdığı ərazilərdə ayıq-sayıqlığı itirməməlidirlər: "Heç bir dövlət terrordan sığortalanmayıb, dünyanın ən böyük dövlətlərində də terror baş verir. Buna görə də vətəndaşlar xüsusilə diqqətli olmalıdır". 

Oktyabrın 24-də ABŞ səfirliyi etibarlı mənbələrə əsaslanaraq Bakıda yaşayan ABŞ vətəndaşlarına potensial terror və insan oğurluğu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Səfirliyin yaydığı məlumatda ABŞ vətəndaşlarının "JW Mariott Absheron" hotelindən uzaq durmalarını istəyib.

Səfirlik Amerika vətəndaşlarına ehtiyatlı və sayıq olmağa, kütləvi insan toplanan yerlərdən uzaq durmağa, əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olmağa, yeni xəbərdarlıqlarla bağlı səfirliyin səhifəsindən məlumatları izləməyə çağırıb.
 

Elməddin Şamilzadə