13:29, 15 İyul 2019 (Bazar ertəsi) 418

"ABŞ yaxşı bilir ki, Azərbaycan Rusiyadan silah alır"

İyunun 12-də ABŞ Konqresinin Nümayəndələr Palatasının konqresmeni Bred Şerman Azərbaycana "Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edib. 

Bu məsələ ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi münasibət bildirib.

Müdafiə Nazirliyinə görə bu cür təşəbbüslə çıxış, əslində, təəccüblü görünür: "Çünki ABŞ indiyədək ölkəmizə heç bir silah satmayıb. Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalarına malik ölkələrdən kifayət qədər silah və döyüş vasitələri alır".

"Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa, dərhal cavab tədbirləri görməyə qadirdir. Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”, - deyə "Report”un yaydığl məlumatda vurğulanıb.

Siyasi şərhçi Zərdüşt Əlizadə Toplum Tv-yə deyib ki, bu çıxış Azərbaycana qarşı atılmış bir addım deyil: "Bu, əslində, Rusiyaya qarşı yönəldilmiş bir addımdır. Azərbaycana qarşı deyil. ABŞ yaxşı bilir ki, Azərbaycan Rusiyadan silah alır. Onların bizə silah satmaq fikri də yoxdur. Bu, mənasız bir addımdır”.

Əbülfət Baxşəli