19:13, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 110

Adil İsmayılovun vəkillik fəaliyyəti 1 il dayandırılıb

Adil İsmayılovun vəkillik fəaliyyəti 1 il dayandırılıb
9 sentyabrda keçirilən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin toplantısında vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti 1 il dayandırılıb.

Bu barədə "Qafqazinfo” məlumat yayıb.

Adil İsmayılov sosial şəbəkədə yazdığı statusda rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib. 

O deyib ki, məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova rəsmi müraciət göndərib: "Baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm, inanıram ki, cəsarət tapıb bunu edəcək. Ondan sonra mən də məsələyə münasibət bildirəcəyəm".

Vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi  kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olduğu deyilir. İddiaya görə, kollegiya rəhbərliyinə yaxın olan Sahil Babayev ərizəsində Adil İsmayılovun onu təhqir etdiyini göstərib. Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb.

Adil İsmayılov son zamanlar sosial şəbəkələrdə Vəkillər Kollegiyasını tənqib edib. Həmçinin o, Baş prokurur Zakir Qaralov və onun müavini Rüstəm Usubovla bağlı bir neçə tənqidi yazı yazıb.

Uğur Fərzəli