17:11, 23 Oktyabr 2019 (Çərşənbə) 728

ADO nazirliyi məhkəməyə verdi

ADO nazirliyi məhkəməyə verdi
ADO teatrı Mədəniyyət Nazirliyini məhkəməyə verib.

İlk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir.

Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir. 
Teatr bununla bağlı Mədəniyyət Nazirliyini məhkəməyə verib. 

Bu barədə ADO teatrı rəsmi səhifəsində məlumat yayıb.

İddiaya 30 oktyabr saat 15:00 -da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.

İş hakim Şəhla Süleymanovanın icraatındadır.

ADO teatrının küçə tamaşalarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əngəllərin törədilməsinə etiraz olaraq vətəndaşlar bir müddət öncə imzatoplama kampaniyasına start verib.

1500 vətəndaş beynəlxalq imzatoplama saytı olan "Change.Org" saytı vasitəsilə bir araya gəlib. 

Teatr həmin imzaları rəsmi məktubla nazirliyə göndərib və nazirin vətəndaşların, eyni zamanda teatrın mövqeyinə cavab verməsini istəyib. 

Nazirlik vətəndaşların çağırışına hələ ki, reaksiya verməyib.

Zərifə Novruz