01:50, 13 Fevral 2020 (Cümə axşamı) 134

"ADR MSK qarşısındakı aksiyanın kobudluqla dağıdılmasını pisləyir"

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, parlament seçkiləri ölkədə demokratik təsisatların, o sıradan siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırıldığı, müstəqil vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı, azad mətbuatın boğulduğu, 100-dən çox siyasi məhbusların həbsdə saxlanıldığı, Seçki Məcəlləsinin təkmil olmadığı, azad və ədalətli seçki mühitinin olmadığı bir şəraitdə keçirilib:
"Seçkiqabağı və seçki prosesi boyunca sərbəst toplaşma, söz və mətbuat azadlıqları kimi fundamental insan haqları təmin edilməyib, hakim partiya təmsilçilərinin təbliğat-təşviqat kompaniyasına inzibati resurslar cəlb olunub, seçki günü seçki prosesinə qanunsuz müdaxilələr edilib, məşvərətçi səs hüquqlu komissiya üzvləri və müstəqil müşahidəçilər fiziki zorakılığa məruz qalıb, KİV təmsilçilərinə xidməti fəaliyyətinə məhdudiyyətlər yaradılıb, səslərin sayılması və rəsmiləşdirilməsi prosesində aşkarlıq pozulub, seçki başa çatandan sonra namizədlərin təşkil etdiyi etiraz aksiyaları polis tərəfindən zorakılıqla dağıdılıb, bir sözlə, növbədənkənar parlament seçkiləri qeyri-azad rəqabət şəraitində keçirilib".

Bütün deyilənləri nəzərə alaraq ADR Hərəkatı 9 fevral 2020-ci il tarixli növbədənkənar parlament seçkilərini legitim saymır.
Bununla yanaşı, ADR Hərəkatı deputatlığa namizədlərin və onların tərəfdarlarının fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında təşkil etdiyi dinc aksiya iştirakçılarına və jurnalistlərə qarşı zorakılığı pisləyir, onlara zor tətbiq edərək xəsarət yetirən hüquq-mühafizə orqanlarının nümayəndələrinin cəzalandırılmasını tələb edir.

Bəyanatın sonunda seçkilərin qiymətləndirilməsi üçün çağırış edilib:
"ADR Hərəkatı növbədənkənar parlament seçkilərinin nəticələrinin qiymətləndirilməsi məqsədilə müstəqil və müxalif mövqeli ictimai, siyasi təşkilatlarla və hüquqları pozulmuş namizədlərlə müzakirələri məqbul hesab edir və bu istiqamətdə birgə mövqeyin formalaşdırılması üçün onları əməkdaşlığa çağırır".

Aytac Ağazadə