15:07, 10 İyun 2019 (Bazar ertəsi) 34

Nəsimi yaradıcılığında yer alan sözlərin izahlı lüğəti hazırlana bilər

Nəsimi yaradıcılığında yer alan sözlərin izahlı lüğəti hazırlana bilər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu İmadəddin Nəsiminin yaradıcılığında yer alan bəzi sözlərin izahlı lüğətinin hazırlanmasını təklif edib.

Akademik bu təkliflə "Azərbaycan dilinin inkişafında Nəsimi poeziyasının rolu” mövzusunda keçirilən elmi sessiyada çıxış edib.

O bildirib ki, İ.Nəsiminin yaradıcılıq dilinin mükəmməl izahlı lüğəti hazırlanmalıdır: "Bunu biz hazırlamalıyıq. Çünki Nəsiminin dilində eyni bir söz iki mənada - müstəqil və hürufi mənada işlənib. Ona görə də bu sözlərin tədqiqatını aparmaq lazımdır. Hesab edirəm ki, Nəsimi yaradıcılığında sözlərin lüğəti mənası ilə yanaşı, hürufi mənasını da araşdırmaq lazımdır. Bu günə qədər onun yaradıcılığındakı sözlərin lüğəvi mənası açıqlansa da, hürufi mənası tam yetərincə araşdırılıb hazırlanmayıb".

M.Nağısoylu deyib ki: "İmadəddin Nəsiminin yazdıqları bu gün də anlaşılandır. Nəsimi dilimizin inkişafında böyük xidmətləri olan dahi şəxsiyyətdir. Ona görə də bizim instituta onun adı verilib".