12:48, 10 Oktyabr 2018 (Çərşənbə) 347

Ali Məhkəmə Qiyas İbrahimov və atasına cavab verib

Ali Məhkəmə Qiyas İbrahimov və atasına cavab verib
Eks prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik ittihamıyla 10 il həbs cəzası almış fəal Qiyas İbrahimovun sonradan atasıyla birlikdə ittiham olunduğu daha bir cinayət işinə oktyabrın 10-da Ali Məhkəmədə baxılıb.

Qiyasa narkotik ittihamıyla 10 il həbs kəsilməsinə dair hökmdən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılarkən hakimlərə hörmətsizlik etməkdə suçlanan ata və oğul haqqında qərar qüvvədə saxlanılıb. Ali Məhkəmədə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası Qiyas və Həsən İbrahimovların şikayətini təmin etməyib.

Məhkəmədə nə Q.İbrahimov, nə də atası iştirak edib. Onların vəkili Elçin Sadıqov bu iş üzrə həm Yasamal Rayon Məhkəməsinin hökmünün, həm də onu qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarının qərəzli olduğunu söyləyib. Vəkil bildirib ki, Qiyasın məhkəməsində onun özünün və atasının hakimlərə dediyi ifadələrdə təhqir olmayıb, məsələyə ifadə azadlığı çərçivəsində yanaşılmalıdır: "Azərbaycanın ratifikasiya etdiyi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığına təminat verir".

Vəkil çıxışının sonunda bəraətverici əsaslarla Qiyas və Həsən İbrahimovlar haqqında cinayət işinə xitam verilməsini istəyib.

Hakimlər qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Q.İbrahimov digər fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Apelyasiya məhkəməsi və Ali Məhkəmə də bu cəzanı qüvvədə saxlayıb.

Sonradan Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək "balalarınızdan görəsiz..." deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilib.

Bu ittihamla Q.İbrahimovun cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.

Q.İbrahimov və B.Məmmədov narkotik ittihamı üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə də deyiblər ki, keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə şüarı yazılmasına görə həbs ediliblər.

"Amnesty International" təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər.