19:21, 25 Aprel 2019 (Cümə axşamı) 194

Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib
Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Hacıbəyli və vəkil Osman Kazımov birinci instansiya məhkəməsinin hökmünün "qanunsuz və sifarişli” olduğunu bildirib və bəraət istəyib.

Dövlət ittihamçısı Müstəcəb Əliyev hökmün qüvvədə saxlanılmasını istəyib və məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlyıb.

Mustafa Hacıbəyli Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini və şikayətinin təmin edilmədiyi təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 21-də bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verib.

2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirib. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə Mustafa Hacıbəylinin adı iş üzrə şahid kimi keçib. Ancaq 2018-ci il noyabrın 30-da müttəhim statusuna keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 
Amerikaninsesi.org