Siyasət

Araz Aslanlı: “Muxtariyyətin ləğvi münaqişənin həllinə nə mənfi, nə də müsbət təsir etdi”

26 Noyabr, 2020
1615
26 Noyabr - Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edildiyi gündür.
 
Qarabağ münaqişəsinin görünən tərəfi 1988-ci il fevralın 20-də başlamışdı. Həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə qərar qəbul etdi. 

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclasında DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi. 
Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi vahidi kimi ləğv olunması haqda qərarı bundan 2 il sonra – 26 noyabr 1991-ci ildə çıxardı. 

Qərarın 29-cu ildönümündə "Toplum TV” politoloq  Araz Aslanlıyla o dövrdəki hadisələr barədə söhbət edib. 

-  Sizcə, DQMV-nin ləğv olunması doğru qərar idimi? Sonrakı proseslərə nəzərən bunun tarixi əhəmiyyətli qərar olduğunu düşünürsüz, yoxsa əksinə?

-  Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvinə qədər baş verən hərbi-siyasi proseslər DQMV-nin ləğvini təbii bir qərar halına gətirmişdi. Cəmiyyətdə fikirlər dolaşırdı ki, hakimiyyət suverenliyimizi və ərazi bütövlüyümüzü qoruya bilmir, DQMV çərçivəsində idarəetmə strukturu  Azərbaycanın ərazi bütövlüyünün pozulmasına səbəb olur. Bundan başqa, Ermənistanın sərhədboyu kəndlərimizə hücum etməsi, yandırması, dinc Azərbaycan vətəndaşlarını  öldürməsi  və  Azərbaycan hakimiyyətinin  Ermənistanın ərazi iddialarına lazımı cavab verə bilməməsi cəmiyyətdə kəskin narazılıq doğurmuşdu.  Hakimiyyət bu qərarla bir az da cəmiyyətin qəzəbini azaltmağa çalışırdı.
Desək ki, hər şey hakimiyyətin əlində olub və o, səhvə yol verib, düzgün olmazdı. Hakimiyyət daxili təzyiqlərə görə Ermənistanın işğalçılıq siyasətinə qarşı addım atmışdı.  Eləcə də hakimiyyətin özünün bir reaksiyası var idi. Yürütdüyü siyasət uğurlu nəticə vermədiyinə görə öz məsuliyyətindən qaynaqlanan bir qərar verməli idi. Qərarın doğruluğuna gəldikdə, hüquqi baxımdan, yəni nəzəri cəhətdən heç bir problem yox idi - Azərbaycan müstəqilliyini elan edib, müstəqillik aktında unitar dövlət olduğunu vurğulayıb. Öz ərazisində muxtar subyekt yaratmaq və ya onu ləğv etmək Azərbaycanın hüququdur.  Məsələyə regionun gələcəyi baxımından baxsaq, milli azlıqların hüquqlarının siyasi subyektlər yaradılaraq təmin olunması qüsurlu qərardır. Süni yaradılmış qurum üzərindən regionda, xüsusilə də Azərbaycanda qeyri-sabitlik ocağı yaratmaq planı var idi. Ermənilərin də hüquqlarını qorumaq şərtilə muxtariyyətin ləğv olunması regionun şərtlərinə uyğun idi.

-  Ermənistan tərəfi və bəzi Qərb ekspertləri iddia edir ki, Azərbaycan muxtariyyəti ləğv etdikdən sonra ermənilər müstəqilliklərini elan ediblər. 

-  Əvvəla, o vaxtkı proses müstəqillik uğrunda mübarizə deyildi. XX əsr boyunca məsələ ermənilərin müqəddəratını həll etməsi olmayıb, Azərbaycanın bir bölgəsinin Ermənistana birləşdirilməsi olub. Ermənistanda və Xankəndində mitinqlərə çıxanlar müstəqillik şüarı ilə çıxmırdılar, "miatsum” şüarı ilə toplanırdılar,  yəni Azərbaycanın bir hissəsini Ermənistana birləşdirmək şüarı ilə. Onların dediyi kimi "Azərbaycan muxtariyyəti ləğv etdi, sonra biz ondan ayrılmaq istədik” - bu, doğru tezis deyil. 

-  Azərbaycan hakimiyyəti DQMV-ni ləğv edərək nəyə nail oldu? 

-  Muxtariyyəti ləğv edərək nəyəsə nail olmadı, amma bu, muxtariyyətin ləğvinin yanlış qərar olduğu anlamına gəlmir. 

-  DQMV ləğv olunmasaydı, hadisələr hansı yöndə inkişaf edə bilərdi? Qarabağın işğalından yayınmaq mümkün olardımı?

-  Xeyr. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati bir subyekt olsa,  hüquqən indikindən bir az fərqli vəziyyət yaranardı. Azərbaycan BMT-yə üzv olanda Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bir subyekt yox idi. Əgər olsaydı, tam əksinə, bu fakt əleyhimizə işələyərdi.
Ermənistanın bütün siyasəti ortada idi - ərazi iddiası və işğalçılıq. Azərbaycan 1987-ci ildə muxtariyyəti ləğv etsəydi, SSRİ buna qarşı çıxardı, Ermənistan parlamenti qərar qəbul edərdi, kimsə deyərdi ki, Azərbaycan muxtariyyəti ləğv etdi, Ermənistan və SSRİ rəhbərliyi ona görə bu qərarı verdi.  Ermənistan öz mövqeyini ortaya qoyandan sonra Azərbaycan muxtariyyəti ləğv edib və bununla münaqişənin həllinə ziyan vuracaq nəticə yaratmayıb, elə xeyrinə də. 

-  Belə düşünənlər var ki, SSRİ rəhbərliyi Azərbaycan ərazisində erməni dövləti qurmaq planını 1990-cı ildə 20 yanvar faciəsindən sonra ciddi şəkildə dəstəklənməyə başladı. Azərbaycan hakimiyyəti bu mövqeni bizim xeyrimizə dəyişə bilərdimi? Bunun üçün nə etmək olardı?

-  Moskvanın  marağı regionda qeyri-sabitliyi artırmaq və bundan öz maraqları üçün faydalanmaq idi.  Qərb dövlətlərinin də öz marağı var idi. Düşünürdülər ki, bu proses SSR-in dağılmasına təsir edəcək ona görə münaqişəni alovlandırırdılar. Azərbaycanın bu siyasəti dəyişmək ehtimalı çox zəif idi, çünki Azərbaycan SSR-də təsir gücünə malik deyildi. Bizim rəsmi ritorikadakı ifadəni təkrarlamaq istəmirəm ki, bu, Heydər Əliyev Moskvadakı vəzifədən uzaqlaşdıqdan sonra olub. Aydındır ki, bu, bir nəfərin iradəsi ilə olan iş deyil. O iradə çox qüdrətli olsaydı, heç ordan uzaqlaşdırılmazdı. Heydər Əliyevin proseslərdən uzaqlaşması və ermənilərin mövqeyinin Kremldə güclənməsi bizim imkanlarımızı çox məhdudlaşdırmışdı. Erməni tərəfin sözünü deyəcək adamlar var idi, məsələn, Qarbaçovun iqtisadiyyat üzrə baş müşaviri Aqanbekyan erməni idi. Azərbaycanın siyasi elitası isə, demək olar ki, yox idi.
Ayaz Mütəllibovun da  Azərbaycanın gələcəyi ilə bağlı vizyonu yox idi. Bu, təbii idi, çünki o, klassik sovet bürokratı düşüncəsində idi. Ölkədə fövqəladə vəziyyət elan olunandan sonra yüksələn adam idi, 20 yanvardan sonra rəhbər  olmuşdu. Onun belə bir yanaşması var idi ki, Moskvanın xoşuna gələn bütün addımları atım, bəlkə əvəzində nəsə etdilər. Strateji bir vizyonu yox idi ki, Moskvanın siyasətini düzgün dəyərləndirə bilsin. Amma Ayaz Mütəllibov hakimiyyətində belə vizyona sahib kadrlat vardı. Vertolyot qəzasında həyatını itirənlərin əksəriyyəti belələrindən idi. 

-  Qarakənd faciəsinə toxundunuz. DQMV-nin statusu Azərbaycanın rəsmi şəxslərinin həlak olduğu vertolyot qəzasından bir neçə gün sonra ləğv olundu. Bunu vertolyotun vurulmasına cavab addımı kimi qiymətləndirənlər var. Siz necə düşünürsüz?

-  Hakimiyyətin atdığı addım baxımından vertolyot qəzası kulminasiya idi. O kulminasiya nöqtəsində hakimiyyət bu qərarı qəbul etdi. Hakimiyyət özünü uğurlu göstərmək istəyirdi, ancaq belə deyildi və hər addımında bu uğursuzluq artırdı. Xalq da bunu görürdü. Hakimiyyət düşünürdü ki,  Nazarbayev və Yeltsinin vasitəçiliyi ilə imzalanmış atəşkəslə hər şeyi həll edəcək. Bu təşəbbüs önəmli idi, amma Mütəllibov münaqişənin mahiyyətini anlamırdı. Əgər anlasaydı, o qədər adam bir vertolyota toplanmazdı. Ayaz Mütəllibov bəsit düşüncəsinin ağır nəticəsini gördü, buna görə də muxtariyyətin ləğvi qərarı müəyyən qədər vertolyot qəzasına reaksiya idi. Üstəgəl xalq hakimiyyətin siyasətini uğursuz hesab edirdi.  Deyirdi ki, niyə müdafiə nazirliyi qurmursan, niyə vətəndaşlarımızı qorumaq üçün intizamlı ordu yaratmırsan? Belə bir məqamda məlum oldu ki, hakimiyyət  nəinki öz sadə vətəndaşlarını, heç öz nazirlərini, dövlət katibini belə qoruya bilmir.

Aytac Məmmədova



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo