15:32, 05 Noyabr 2019 (Çərşənbə axşamı) 63

Arif Hacılı: "Hakim zümrə xalqın bu hüququnu tanımaq istəmir"

Arif Hacılı:
"Mitinqlər, yürüşlər keçirmək hüququmuzdur. Lakin hakim zümrə xalqın bu hüququnu tanımaq istəmir".

Bunu Müsavat başqanı Arif Hacılı 10 noyabr aksiyası ilə bağlı özünün feysbuk hesabında yazıb: "Mitinqlər, yürüşlər keçirmək hüququmuzdur. Etiraz hüququmuz var. Xüsusilə Azərbaycan kimi haqsızlığın ərşə dirəndiyi bir ölkədə etiraz hüququmuzun hüdudu yoxdur. Lakin hakim zümrə xalqın bu hüququnu tanımaq istəmir. Müsavat üçün isə heç tanımaq istəmir. Bəzən məhdud ərazilərdə, təqib və təzyiq altında aksiyalar keçirilsə də, Müsavat Partiyasına nə ötən il, nə də bu il bir dəfə də olsun mitinq, piket keçirməyə icazə verilib. Keçirdiyimiz aksiyalar yalnız qanunsuz ləğv edilmiş aksiyalar olub. Polis tərəfindən dağıdılıb".

 Arif Hacılı qeyd edib ki, dəfələrlə yürüş, mitinq keçirmək üçün müraciət etsələr də, icazə verilməyib: "Bu il də həm ilk olaraq, həm də dəfələrlə mitinq, piket üçün müraciət etdik. Hər dəfə qadağa qoyuldu. Yenə müraciət etmişik. Müraciətimiz kompromisdir. Mərkəzi meydanlara yox, ətraf ərazilərdə olan meydanlara, o cümlədən əvvəllər dəfələrlə mitinq keçirilmiş yerə görə müraciət etmişik".

Müsavat başqanı 10 noyabr mitinqi ilə bağlı çağırış edib: "Bələdiyyə seçkiləri dövrü olduğunu da nəzərə alsaq, mitinqimizin keçirilməsinə heç bir maneə törədilməməlidir. 10 noyabr mitinqi möhtəşəm olacaq. Azərbaycanın gələcəyini düşünən bacı və qardaşlarım, vətənimizin gələcəyi naminə 10 noyabrda bizimlə olun!"

Partiya 10 noyabr mitinqini Bakıda keçirmək niyyətindədir. 

Aksiyanın əsas tələbləri siyasi məhbusların azadlığa buraxılması, repressiyalara son qoyulması, seçki qanunvericiliyində islahatların aparılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün üç ünvan göstərilib: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun "Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının 2019-cu il yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüşlərinə, 7 aprel mitinqinə imkan verməyib.

Partiya daha əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin olunmuş 2, İranın Azərbaycandakı səfirliyinin qarşısına təyin olunmuş 1 piketə də razılıq ala bilməyib.
 

Aytac Ağazadə