14:57, 05 Oktyabr 2019 (Şənbə) 1933

Arif Hacılı: "Hücuma məruz qaldıq"

Arif Hacılı:
"Cəlilabadda polis və mülki şəxslərin hücumuna məruz qaldıq. Hakimiyyət nəinki ölkə miqyasında, hətta Müsavat daxilində olan demokratik seçki prosesinə dözümsüzlük göstərir".

Bunu Müsavat Partiyası başqanlığına namizəd Arif Hacılı feysbuk hesabında yazıb.
 
Oktyabrın 5-də Cəlilabad rayonda partiya üzvləri ilə görüş zamanı 20-yə yaxın polis və mülki şəxs toplantı keçirilən yerə gəlib. 

Arif Hacılın sözlərinə görə, oktyabrın 5-də rayondakı partiya üzvləri ilə görüş zamanı 20-yə yaxın polis və mülki şəxs toplantı keçirilən yerə gəlib: "Onlar bizdən toplantını dayandırmasını və otaqdan çıxmağımızı tələb etdilər. Müsavatçılar çıxmaq istəmədilər, mən də polislərin nəzərinə çatdırdım ki, onların partiyaya aid olan tədbiri bu şəkildə dayandırmaq səlahiyyətləri yoxdur. Lakin polis qarşıdurmaya getdi. Bir neçə Cəlilabad müsavatçısı saxlandı. Sonra məlum oldu ki, mənimlə görüşə gələn Masallı müsavatçılarından da polis şöbəsinə aparılan olub".

A. Hacılı bildirib ki, Cəlilabad şəhərində avtomobillə hərəkət edərkən onların üstünə avtomobil sürüblər: "Qırmızı rəngli "Mazda" markalı avtomobildən olduğumuz avtomobilə dəfələrlə yumurta atdılar. Pəncərələrdən hədə-qorxu ilə dolu ifadələr səsləndirdilər. İndi Cəlilabaddan çıxmışıq, Bakıya tərəf gəlirik".

Polis Arif Hacılı ilə görüşdən qayıdan Masallı müsavatçılarını da saxlayıb. Bu barədə isə müsavatçı Tərlan Abbaszadə məlumat yayıb. 

O bildirib ki, partiyanın rayon təşkilatının sədri Allahverdi Rəhimli, partiya üzvləri Ramiz Abdulla, Bayraməli Abdullayev, Tərlan Abbaszadə və Yasər Məcidov yolda polis tərəfindən saxlanılıb: "Əvvəlcə, bizə polis bölməsinə aparılacağımız deyilsə də, sonradan sənədlərimizi yoxlayıb sərbəst buraxdılar".

Aytac Ağazadə