15:40, 12 Noyabr 2019 (Çərşənbə axşamı) 135

Arif Hacılı saxlanılıb

Arif Hacılı saxlanılıb
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Toplum TV-yə məlumat verib. 

O bildirib ki, Arif Hacılı qərargaha gedərkən 8-ci mikrorayon ərazisində saxlanılıb: "Arif bəy mənimlə danışarkən DYP-nin əmrlərini eşidirdim. Onun maşını öndən və arxadan mühasirəyə alınıb. Maşınlarda çoxlu sayda mülki geyimli  və eyni zamanda  polislər olub”.

Gülağa Aslanlının sözlərinə görə, Arif Hacılını maşından düşürülərək "Toyota” markalı  maşına mindirilib naməlum istiqamətdə aparılıb.
 
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısına təyin etdiyi 12 noyabr piketi ilə bağlı 10-dan çox müsavatçı saxlanılıb.
 
Partiyadan verilən məlumata görə, müsavatçılar - Qəzənfər Baxışov, Mərdan Mehdili Mustafa Hacıbəyli, Valeh Hümmetoğlu, Qədim Soltanlı, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev saxlanılaraq polis idarələrinə aparılıb.

Müsavat Partiyası noyabrın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. 

İcra Hakimiyyəti Lökbatan qəsəbəsində tədbirin keçirilməsinə icazə verib. Buna etiraz əlaməti olaraq partiya noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək qərarına gəlib.

Elmar Əziz