15:41, 12 Aprel 2019 (Cümə) 204

Arlem Dezir jurnalistlərin müdafiəsi ilə bağlı komitənin yaradılmasını təklif edir

Arlem Dezir jurnalistlərin müdafiəsi ilə bağlı komitənin yaradılmasını təklif edir
Bu gün Vyanada "Jurnalistlərə hücum: KİV azadlığına təhlükə" mövzusunda konfrans açılıb. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi tərəfindən təşkil edilən beynəlxalq konfransda diqqət mərkəzində jurnalistlərə qarşı zorakılıq və ya zorakılığa hədələr olub.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir konfransı açarkən ATƏT ölkələrini jurnalistlərin müdafiəsi və onlara qarşı zorakılığın dayandırılması üçün götürülmüş öhdəliklər çərçivəsində real addımlar atmağa çağırıb.

Son 20 ildə dünyada 400 jurnalist öldürülüb və 80%-dən çox halda günahkarlar məsuliyyətə cəlb olunmayıb.

Dezir jurnalistlərə qarşı zorakılığın qarşısının alınması üçün ATƏT-in himayəsi altında xüsusi Komitənin yaradılması təşəbbüsünü irəli sürüb. ATƏT ölkələri dövlət qurumlarının nümayəndələrinin və jurnalistlərin daxil olacağı Komitə vəziyyətin monitorinqini həyata keçirməli, zorakılıq hallarının qarşısını almalı, həm də jurnalistləri qorumalıdır.

Əsas məqsəd jurnalistlərin hakimiyyət tərəfindən nəzarət olmadan sərbəst fəaliyyəti üçün şəraitin yaradılmaslıdır, Dezir bildirib.

Tədbirdə zorakılığa məruz qalmış jurnalistlər və onların qohumları iştirak edirlər. Çıxışların və diskussiyaların nəticələri ilə bağlı konfransın xüsusi yekun sənədinin qəbulu gözlənilir.

Turan İA