14:05, 03 Dekabr 2019 (Çərşənbə axşamı) 80

"Arqument.az"la nazirliyin məhkəmə çəkişməsi davam edir

Bu gün, dekabrın 3-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "arqument.az" saytını blokladığına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı qaldırılan iddiaya baxılıb. 

Bu barədə Toplum.Tv-yə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib. 

Onun sözlərinə görə, "arqument.az" saytı bu il aprelin 8-10 tarixlərində bloklanıb və sayta vpn-lə giriş mümkün olsa da, bir gün sonra isə kiber-müdaxiləyə məruz qalıb. 

Səbəb isə aprelin 8-də Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərlə bağlı olub. 

Baş redaktor bildirib ki, saytı bloklandıqdan sonra materialları silməyi tələb ediblər, lakin onlar bu təklifdən imtina ediblər. Üç gün sonra saytın fəaliyyəti bərpa olunsa da, bəzi materiallar və saytın bazası zədələnib.   

O, bunu ifadə azadlığına zidd sayıb və fəaliyyətlərinə qanunsuz müdaxilə hesab edir. 

Şəmşad Ağa bildirib ki, bugünkü prosesdə vəsatətlərdən biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin də ayrıca cavabdeh qismində işə cəlb olunması və məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı olub.  

Nazirliyin nümayəndələri bügünkü prosesə qatılmayıblar. 

Hakim Elçin Məmmədov vəsatəti təmin edib. 

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və nazirliyin Elektron Təhlükəsizlik Xidmətinə qarşı iddiası üzrə məhkəmə prosesi davam edir və növbəti proses dekabrın 24-də keçiriləcək. 

Arqument.az saytı ilk dəfə deyil ki, bloklanır. Bundan əvvəl də bu hal baş verib. 

2018-ci ilin avqust 8-də 2 yazıya görə Səbail Rayon Məhkəməsi saytı bloklamışdı.  Hələ o vaxt saytın rəhbəri deyirdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub.

Bir neçə gün sonra isə Bakı Apelyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını ləğv etmişdi.