15:30, 30 Sentyabr 2019 (Bazar ertəsi) 623

Artan pensiya məbləği 6 il əvvəlkindən 10 dollar azdır

Artan pensiya məbləği 6 il əvvəlkindən 10 dollar azdır
"Oktyabrdan pensiyaların minimum məbləği 2013-cü illə müqayisədə 10 dollar az olacaq”.

Bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu gələn aydan etibarən artacaq olan əmək pensiyası ilə bağlı təhlilində deyib.

İyulun 9-da Milli Məclisin "Əmək pensiyaları haqqında” qanuna etdiyi dəyişikliyə әsasәn, əmək pensiyasının minimum məbləği 2019-cu ilin oktyabrından etibarən 200 manat məbləğində müəyyən olunub. 

Dəyişikliyə görə, təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödəniləcək.

"Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim edilib və ikinci oxunuşda qəbul edilib.
Hazırda əmək pensiyasının minimum məbləği 160 manatdır.

Qubad İbadoğlu isə 2020-ci ilin yavarın 1-dən pensiyaların minimum məbləği 250 manata qaldırılmağını təklif edir. O, bu şəkildə yaşlı əhalinin heç olmazsa 2013-cü il səviyyəsində təqaüd ala biləcəyini deyir.

Azərbaycanda 21 fevral 2015-ci ildə birinci, 21 dekabr 2015-ci ildə isə ikinci devalvasiyanın baş verməsi ilə manat dollar qarşısında 1,55 səviyyəsinə qədər dəyər itirdi. Hazırda manatın dollar qarşısında məzənnəsi 1,70-dir.

İqtisadçı deyir ki, 2013-cü ildə Azərbaycanda minimum pensiya 100 manat idi və o zamankı kursla bu pulu dollara çevirəndə 127 dollar edirdi: "Artaraq 200 manat olacaq pensiya hazırkı kursla 117 dollar edir. Yəni 2013-cü illə müqayisədə minimum pensiya hətta 200 manata çatdırılandan sonra 10 dollar azalır. Azərbaycanda meyvə və tərəvəz istisna olmaqla pensiyaçıların istifadə etdiyi məhsul və dərmanların əksəriyyəti idxal olunur. Və dolların hazırkı məzənnəsinə uyğun olaraq satışa çıxarılır. Heç şübhəsiz ki, pensiyaçıların istehlak etdiyi məhsul və xidmətlərin qiymətləri 2013-cü illə müqayisədə əhəmiyyətli dərəcədə bahalaşıb. Bunu nəzərə alanda birmənalı şəkildə demək olar ki, Azərbaycanda minimum pensiyanın hazırkı alıcılıq qabliyyəti artmayıb, əksinə azalıb”. 

Ekspert bunu rəsmi rəqəmlərdən irəli gələn qənaət adlandırıb: "Odur ki, bir daha təklif edirəm, 2020-ci ilin yavarın 1-dən pensiyaların minimum məbləği minimum əmək haqqı səviyyəsinə - 250 manata qaldırılsın ki, yaşlı əhali heç olmazsa 2013-cü il səviyyəsində təqaüd ala bilsin”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə 2020-ci ilin yanvarından bütün pensiyaların artacağını bildirib.

Əlavə olaraq Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 180 manat təyin edilib. Əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən olunub. 2009-cu ildə isə ölkə üzrə yaşayış minimumunun məbləği 84 manat (105 dollar) təşkil edirdi. 

Bu il də həmçinin  yaşayış minimumu ölkə üzrə 105 dollar təşkil edir.

Uğur Fərzəli