18:15, 17 İyul 2019 (Çərşənbə) 61

"Artıq Avropa Məhkəməsindən göndərilən məktublar da yoxa çıxır" - Vəkil

"Artıq nəinki Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedən məktublar, hətta oradan göndərilən də yoxa çıxır".

Bunu Azadlıq Radiosuna vəkil Aqil Layıc deyib.

A.Layıc vurğulayıb ki, ona ünvanlanmış məktub gəlib çatmayıb, bunu Avropa İnsan Hüquqları Məhkəməsi də təsdiqləyir: "Qurumdan mənə təsdiq gəlir ki, göndərdikləri sənədlər ünvana çatmayıb".

Amma vəkil itən məktubun məzmununu və şikayətçinin adını açıqlamayıb. O qeyd edib ki, gələn məktubun itməsində ciddi problem yoxdur, çünki AİHM buraxılmış müddəti üzrlü sayaraq, vaxtı uzadır və sonucda işə baxılır.

A.Layıcın sözlərinə görə, «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məsələ ilə bağlı müraciət etsə də, cavab verən olmayıb. "Bunu edənlər dövlətin imicinə xələl gətirir və süni əngəllərlə Avropa İnsan Hüquqları Məhkəməsinə çatımlılığı aradan qaldırmağa çalışır", - vəkil bildirib.

"Azərpoçt" MMC-dən isə «Turan» agentliyinə bildiriblər ki, məktub və ya digər poçt göndərişlərinin itməsi ilə bağlı şikayətçi onlara sorğu ilə müraciət edə bilər. Qurumdan əlavə izahat verməyiblər.