19:12, 28 Mart 2019 (Cümə axşamı) 808

Artıq soğanın təkcə özü yox, həm də qiyməti göz yaşardır - REPORTAJ

Artıq soğanın təkcə özü yox, həm də qiyməti göz yaşardır - REPORTAJ
Soğan günlük qida tələbatında ən çox istifadə olunan tərəvəzlərdən sayılır.

Bundan əlavə soğan şəkərli diabet və ürək xəstəlikləri kimi müalicəsi çətin başa gələn xəstəliklərin dərmanı kimi bilinir.

Çox istifadə olunmasına baxmayaraq, ilin əvvəlindən başlayaraq soğanın qiyməti iki dəfə bahalaşıb. Artıq soğanın təkcə özü yox, həm də qiyməti göz yaşardır.

Daha əvvəl 50 qəpiyə satılan soğan əvvəlcə 20 qəpik bahalaşıb. Son bir həftə ərzində isə soğan bazarda alıcılara 1 manat 50 qəpiyə təklif olunmağa başlayıb.

 "Keşlə” bazarının satıcısı Tofiq Yaqubov Toplum Tv-yə deyib ki, bu bahalaşma martdan deyil, daha əvvəldən başlayıb: "Əsas səbəbi odur ki, indi soğan xarici ölkələrə ixrac edilir. Türkiyədə istehsal olunan soğanın xeyli hissəsi xarab olduğu üçün isə əsas hissəsi  oraya satılır”.

Satıcının sözlərinə görə, soğan kisəsini 40 manata alırlar və bir kisədə 32 kilo soğan olur: "Həmin soğanın 4 kiloya yaxını xarab çıxır. Belə olan halda bizim ucuz satmaq şansımız yoxdur. Əgər alıcı çox olsa, o zaman bir az ucuz satmaq olar. Çünki çox sataraq, yenə də qazancımızı çıxara bilərik, amma alıcı az olduğu üçün güzəştə gedə bilmirik”.

Satıcı əlavə edib ki, nəqliyyat yaxşı olmadığı üçün də bazarda qıtlıq yaranır: "Nəqliyyat yolları olmadığı üçün bazara gediş-gəliş çox çətindir. Əvvəlcə yaxın əraziyə qədər qatar gəlirdi və kəndlərdə tərəvəz istehsal edənlər mallarını gətirib bazarda rahat sata bilirdilər. İndi isə qatar yolu bağlanıb. Bu da bazarda qıtlıq yaradır. Alıcılar üçün də nəqliyyat yaxşı olmadığı üçün müştərilər bazara gəlməkdə çətinlik çəkirlər”.

Tofiq Yaqubov bildirib ki, müştərilər cüzi alacağı ərzaq üçün yol qət edib bazara gəlmirlər: "Həm indi bahaçılıq olduğu üçün müştərilər daha çox yaxın marketlərə üz tuturlar”.

Adını bildirmək istəməyən alıcı isə qiymət artdıqdan sonra daha az soğan istifadə etməyə məcbur olduqlarını bildirib: "Daha əvvəl 5 kilo ala bilirdiksə, indi iki kilo alırıq”.

Soğanın qiymət artması ilə bağlı aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov Toplum-Tv ya danışıb. 

O bildirib ki, soğanın bol olduğu mövsümdə soyuducu anbarlardan istifadə edilməli idi: "Azərbaycanda soğan istehsalı, tələbatı və ixracı nəzərə alınmayıb. Ölkəmiz son illərdə təxminən 30-40 tona yaxın soğan ixrac edib. Xüsusən 2012-ci ildə 50 min ton istehsal olub və bunun əsas hissəsi Rusiyaya ixrac edilib. Görünür bizim istehsalçılar üçün Rusiyaya ixrac etmək fayda verir. Azərbaycanın tələbatı isə il ərzində 160-180 min tondur. Bu, nəzərə alınmalı idi ki, Azərbaycanın istehsal etdiyi soğan soyuducu anbarlarda saxlanılsın və qış mövsümündə ehtiyac yarananda bazara çıxarılsın. Amma bu nəzərə alınmadı. Soğan sahələrdə çürüdü, yəni yay mövsümündə soğanın qiyməti çox ucuz oldu. İstehsalçılara faydalı olmadığı üçün onlar soğanı bazara çıxarıb satmadılar. Ona görə ki, soğanın qiyməti həddindən artıq ucuz idi. Bu, həm istehsalın azalmasına gətirib çıxardı, yəni hazır məhsulun anbarlarda saxlanılması və bazara çıxarılması həcmi azaldı”.

Ekspert soğanın bahalaşmasının başqa bir səbəbi kimi Türkiyədə soğana yaranan tələbatı göstərib: "Digər tərəfdən də, son bir neçə ayda 7 min ton soğan Türkiyəyə ixrac olundu. Bu da Azərbaycanın yarım aylıq tələbatı deməkdir. Bir tərəfdən kifayət qədər istehsal yoxdur, digər tərəfdən də Türkiyədə soğana tələbat yarandığı və bizim tədarükçülərə qiyməti nisbətən əlverişli olduğu üçün soğanı həmin ölkənin bazarına çıxartdılar. Bu da bizim bazarda qıtlıq yaratdı. Bu qıtlıqdan əlbəttə tədarükçülər, soğan satışı ilə məşğul olan satıcılar, sahibkarlar və digər tərəfdən istehsalçılar çalışdılar ki, bəhrələnsinlər. Yəni onlar yay mövsümündə itirdiklərini, bu martda bərpa etməyə çalışdılar”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti rəhbəri Vüqar Hüseynov isə Toplum Tv-yə deyib ki, təmsil etdiyi qurum heç bir qiymət tənzimlənməsində iştirak etmir: "Bizim nazirlik qiymət artımına cavabdeh olan və onu tənzimləyən qurum deyil. Kənd Təsərrüfatı Nazirliyi ölkədə ərzaq təhlükəsizliyinə cavabdehdir və heç bir qiymətin formalaşmasında iştirak etmir”.

Onun sözlərinə görə, Azərbaycanda bazar iqtisadiyyatı modelidir və qiymətlər bazara görə formalaşır.

Uğur Fərzəli
Toplum TV