00:12, 05 Oktyabr 2017 (Cümə axşamı) 597

Arzu Abdulla: “Təzyiqlər jurnalist fəaliyyətimlə bağlıdır” - AUDİOMÜSAHİBƏ

Arzu Abdulla: “Təzyiqlər jurnalist fəaliyyətimlə bağlıdır” - AUDİOMÜSAHİBƏ
"Vetenugrunda.az” saytının əməkdaşı Arzu Abdulla son günlər təzyiqlərlə üzləşdiyini deyir. Onun sözlərinə görə, oktyabrın 4-də mülki geyimli şəxslər tərəfindən təqib olunub. Ötən ay isə polis təzyiqinə məruz qaldığına dair məlumat yaymışdı.

Toplum Tv baş verənlərlə bağlı jurnalistə bir neçə sual ünvanlayıb.
 
- Arzu xanım, nə vaxtdan bəri təqib olduğunuzu düşünürsünüz?

- Doğrusunu deyim ki, bu günə qədər bilmirdim. Bu gün işə çatmağıma az qalmış gördüm ki, 4-5 nəfər dayanıb. Hiss etdim ki, onlar mənə baxırlar. Sonra bir nəfər maşından düşüb qaçaraq həmin şəxslərə yaxınlaşdı. Dayananlardan biri soruşdu: "Bu, Arzu deyil?” Yanlarından keçib gedəndən sonra dönüb arxaya baxanda gördüm ki, həmin şəxslər ardımca gəlirlər. Yerimdə dayandım, onlar da maşına mindilər, yenidən onlara baxanda getdilər. Sonra fikirləşdim ki, gərək mən bir az cəld tərpənib maşının şəklini çəkib, nömrəsini götürərdim. 20 ildir paytaxta yaşamağıma baxmayaraq, rayonda qeydiyyatdayam. Saatlı rayon Abbaskənd kəndinin icra nümayəndəsi Mirəli Nuriyev nömrəmlə gizli şəkildə maraqlandı. Yenidən zəng edib soruşdu ki, bu nömrə kimin adınadır? Soruşdum ki, sizə nömrənin sahibi lazımdır, yoxsa nömrə lazımdır. Cavab olaraq bildirdi ki, nömrənin sahibi lazımdır. Sonra məlum oldu ki, Saatlı Rayon Polis bölməsindən mayor sifariş verib ki, bu nömrənin sahibi araşdırılsın. İnsan doğulduğu ölkədə belə şeylərlə üzləşəndə özünə gələ bilmir. Mən səhərdən mat qalmışam. Mənə çəkilişlərdə dəfələrlə təzyiqlər olunub, amma indi hər şey pisə doğru gedir.

- Hüquq-mühafizə orqanlarına şikayət etmisinizmi?

- Bu gün vəkilimlə danışmışam, ondan xəbər gözləyirəm. Bu barədə ancaq "Facebook” səhifəmdə məlumat yaymışam.
 
- Hesab edirsiniz ki, bu, sizin jurnalist fəaliyyənizlə bağlıdır ?

- Bu, mənim jurnalist fəaliyyətimlə bağlı olmaqla yanaşı, eyni zamanda 7 oktyabr mitinqi ilə bağlıdır. Çünki mən bundan əvvəlki aksiyalarda aktiv olmuşam, yəni aksiyaları həm canlı, həm də xəbər şəklində insanlara çatdırmışam. Neçə gündür mitinqdə aktiv olanları həbs edirlər. Məndən əvvəl də Nicat Nizamov, Əhsən Nuruzadə və Elçin Həsənbəyli və başqalarını həbs etdilər. Mənə elə gəlir ki, təqibim məhz mitinqlə bağlıdır.
 
- Bu addımlar sizin fəaliyyətinizə nə kimi təsir edə bilər?

- Mən həm jurnalistəm, həm də inanclı şəxslərin hüquqlarını müdafiə edirəm. Bu, elə bir yoldur ki, insan hər şeyi gözə alır. Düşünürəm ki, insanların haqqını müdafiə etdiyimə görə başımı sığallamayacaqlar. Bilirəm ki, bu yolda həbs də, ölüm də var. Məni heç bir şey qorxutmaz. Çünki fikirləşirəm ki, mən düz yoldayam.
 
Ofelya Ramilqızı
Toplum.Tv