15:34, 08 Yanvar 2021 (Cümə) 207

Asim Mollazadə: “ABŞ-ın siyasi sistemində böyük islahatlara ehtiyac var”

Asim Mollazadə: “ABŞ-ın siyasi sistemində böyük islahatlara ehtiyac var”
 Asim Mollazadə
 FOTO: APA

"Tramp ABŞ tarixində yazılmamış qanunları, demokratik siyasi mədəniyyətə aid olan qaydaları artıq 4 ildir ki, tapdalamaqda idi. O, dünya avtoritarizminə bu zamanadək heç kimin etmədiyi yardımı etdi”.

Bu sözləri "Toplum TV”-yə açıqlamasında politoloq Azər Qasımlı deyib. 

Paytaxt Vaşinqtonda yanvarın 6-da Kapitoli binasının qarşısında etiraz aksiyası keçirən Tramp tərəfdarları  binaya daxil olaraq, Senatın zalını mühasirəyə alıblar. 

Co Baydenin prezidentliyinin təsdiq olunması üçün toplanan Senat və Nümayəndələr Palatası baş verən qarışıqlığa görə iclası yarımçıq dayandırmaq məcburiyyətində qalıb. 

Tramp tərəfdarları ilə polisin toqquşması zamanı 4 nəfərin öldüyü, 50-dən çox adamın xəsarət aldığı, onlarla insanın saxlanıldığı bildirilib. 

İğtişaşlardan sonra paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Kapitolidə zorakı iğtişaşları təhrik etmək maddəsiylə Donald Tramp barəsində impiçment məsələsi gündəmə gətirilib.

"Bu, Tramp hakimiyyətinin sonudur"

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Vaşinqtonda baş verən hadisələrin ölkənin seçki sistemində islahatlara ehtiyac yaratdığını bildirib: "Bu, çox xoşagəlməz hadisədir. Bir tərəfdən ABŞ-ın seçki sisteminə şübhələr yaradır, xüsusilə Trampın bu seçkilərin saxtalaşdırılması ilə bağlı iddaları bu sistemin böyük istahatlara ehtiyacı olduğunu vurğulayır. Bununla yanaşı, ABŞ Konqresinə qarşı zorakılıq aktları özü-özlüyündən cəmiyyətdə böyük parçalanma və gərginliyin təzahürüdür”. 

Deputat Donald Trampın "Tvitter” hesabının bloklanmasının demokratiyaya zidd olduğunu vurğulayıb: "ABŞ-a məxsus sosial şəbəkə prezidentinə senzura tətbiq etdiyi halda İran və Çin prezidentinə etmir. Son zamanlar ABŞ mediasının bir siyasi qüvvənin əlində toplaşması,  radikal sol və radikal sağ qüvvələr açıq zorakılıq üsullarındna istifadə etməsi ölkədə təəccüb yaradır. Bu baxımdan düşünürəm ki, ABŞ-ın siyasi sistemində də böyük islahatlara ehtiyac var. Ölkədəki demokratiyanın təməl prinsipi söz azadlığıdır və bunun təmin olunması üçün müvafiq işlər görülməlidir. Medianın bir siyasi sistemin əlində olması parçalanmanı daha dərinləşdirir və əhali arasında siyasi liderlərə olan inamı itirir. Bu baxımdan ABŞ təməl prinsiplərinə qayıtmalı, demokratiya bərpa olunmalıdır”. 

ABŞ-ın paytaxtındakı hadisələri "Tramp hakimiyyətinin sonu" adlandıran A.Mollazadə deyir ki, sonrakı mərhələlərdə bənzər problemlər yaşanmayacaq: "Düşünürəm ki, bu artıq Tramp hakimiyyətinin sonudur, Konqres qərar qəbul edib. Bundan sonra hansısa gərginliyin şahidi olmayacağıq, amma dərin problemlər hələ də mövcuddur və bu problemlərin həlli istiqamətində ABŞ-ın daxilində ciddi addımlar atılmalıdır. Biz bunu dəfələrlə görmüşük ki, ABŞ konqresində siyasi korrupsiyaya qurşanmış nümayəndələr hətta dövlətin maraqlarına zidd olaraq hansısa qərarlar qəbul edirlər. 907-ci düzəliş bunun bariz nümunəsidir”. 

"Tramp dünya avtoritarizminə bu zamanadək heç kimin etmədiyi yardımı etdi”

Politoloq Azər Qasımlı da ABŞ-da baş verən hadisələrin əsas səbəbkarı kimi Trampı görür: "Məhz onun hakimiyyət sevgisi, eqosu, avtoritarlığı, özbaşınalığa meyilli olması və məsuliyyətsizliyi bu olaylara gətirib çıxardı. Tramp indiyənə qədər ABŞ tarixində yazılmamış qanunları, demokratik siyasi mədəniyyətə aid olan qaydaları artıq 4 ildir ki, tapdalamaqda idi. Bugünkü hadisələr də bunun məntiqi nəticəsidir. Bu hadisələrin həm ABŞ-a, həm bütün dünyaya mənfi təsiri olacaq, çünki Tramp dünya avtoritarizminə bu zamanadək heç kimin etmədiyi yardımı etdi”.
FOTO: BBC

ABŞ hadisələrinin digər tərəfdən həm iqtisadi, həm də seçki sistemindən irəli gələn səbəbləri olduğunu da bildirən politoloq pandemiyanın bu məsələyə ciddi təsiri olduğunu da qeyd edib: "Normal şərtlərdə insanlar poçtla deyil, özləri gedib seçkilərdə iştirak edəcəkdi və Trampın da seçkinin nəticələri ilə bağlı hansısa iddiaları olmayacaqdı. Lakin dünya üçün dərs olmalıdır ki, bir adam 10 illərlə, 100 illərlə oturuşmuş demokratik sistemi çalxalaya bilər. Ona görə ki demokratiya ideal sistem deyil və daima özünü inkişaf etdirməli, zamanında da islah etməyi bacarmalıdır. Dünya demokratlarının bundan sonra düşünəcəyi və baş sındıracağı əsas məsələ məhz budur”. 

"Tramp barəsində impiçment məsələsinə gəlincə isə, açığı bunun həyata keçəcəyinə inanmıram. Çünki bu, çox uzun müddətli və ağrılı prosesdir. İki həftədən sonra artıq Tramp prezident olmayacaq, eyni zamanda bununla bağlı vitse-prezident mövqeyini ortaya qoymalı, konqresdə dinləmələr, məhkəmədə araşdırmalar aparılmalıdır. Bu qədər qısa bir müddətdə hansısa nəticə əldə edəcəklərini gözləmirəm”, - deyə Qasımlı əlavə edib.

"ABŞ-ın demokratiyadan danışmağa hələ ki haqqı var"

Siyasi şərhçi Şahin Cəfərli isə sosial media hesabından ABŞ hadisələrinin demoktratiyaya zərbə kimi qiymətləndirilməsinə qarşı ölkədəki prosesi mərhələli şəkildə şərh edib: "Həmin kütlənin sərbəst toplaşmasına icazə verilməsəydi, yaxud onlar toplandıqdan sonra aksiya dağıdılsaydı, o zaman demək olardı ki, daha demokratiyadan dəm vurmasınlar. Digər tərəfdən, avtoritar ölkələrdə seçki saxtakarlığı ölkə rəhbərlərinin bilavasitə göstərişi və təşkilatçılığı ilə həyata keçirildiyi və onların hakimiyyətinin ömrünü uzatmağa yönəldiyi halda, ABŞ-da bu gün ölkə rəhbərinin özü saxtakarlıqdan, hüquqlarının pozulmasından danışır. Əgər Trampın bu çərənləməsini həqiqət kimi qəbul etsək, onda deməliyik ki, ABŞ-da sistem siyasətçinin gəlib istədiyi qədər hakimiyyətdə oturmasına imkan vermir və lazım biləndə onu Ağ Evdən kənara atır. Məsələn, ABŞ-da heç kim Putin kimi 20 il hakimiyyətdə qalıb, sonra Konstitusiyanı öz şəxsi fikirlərinə və ehtiyaclarına uyğun dəyişdirə bilməz". 

FOTO: Sosial media

"Trampın komandasının təzyiqləri, yerli məhkəmələrdə 50-yə yaxın iddia qaldırması, 2 dəfə  Ali Məhkəməyə müraciət etməsi və nəticədə bu iddiaların və müraciətlərin hamısının rədd edilməsi onu göstərir ki, ABŞ-ın demokratiyadan danışmağa hələ ki haqqı var. Elə Tramp kimi təsadüfi adamın prezident ola bilməsi faktının özü də sübutlardan biridir ki, ABŞ demokratiyadan danışa bilər - hərçənd, son 4 ildə, xüsusən yanvarın 6-da demokratiyanın problemli tərəflərinə və fəsadlarına da şahid oldular”.

Nigar Səmədli