14:52, 16 Avqust 2019 (Cümə) 55

"Atambaevin qohumları hakimiyyətin təzyiqi altındadır" - Raisa Atambaeva



/ DÜNYA
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev daha 10 gün həbsdə qalacaq. Bu arada onun həyat yoldaşına qarşı istintaq aparıldığı bəlli olub.

Bu barədə Azadlıq Radiosu məlumat verib.

Avqustun 16-da Bişkek Şəhər Məhkəməsi Atambaevi avqustun 26-dək həbsdə saxlamaq barədə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Dövlət Milli Təhlükəsizlik Komitəsində (UKMK) qapalı keçirilən prosesdən sonra keçmiş prezidentin vəkili Sergei Slesarev jurnalistlərə bu haqda açıqlama verib.

Atambaevin həyat yoldaşı Raisa Atambaeva keçmiş prezidentin UKMK binasının qarşısına yığışmış qohumları və tərəfdarları arasında olub. O, jurnalistlərə deyib ki, Atambaevin qohumlarının çoxu hakimiyyətin təzyiqi altındadır, evlərində "qanunsuz” axtarış aparılıb, ona qarşı cinayət işi açılıb. Atambaeva deyib ki, bu istintaq prezident idarəsinin hüquqi sistemdə islahatlar şöbəsinin keçmiş rəhbəri Manasbek Arabaevə qarşı cinayət işilə əlaqədar başlanıb. Arabaev iyunda korrupsiya ittihamı irəli sürülüb.

Baş Prokurorluq AzadlıqRadiosu-na Raisa Atambaeva barəsində istintaq getdiyini təsdiqləyib, ancaq detalları açıqlamayıb.

Atambaev avqustun 8-də – iki gün davam edən zorakı müqavimətdən sonra polisə təslim olub. Ona korrupsiya, çevriliş cəhdi və sairə ittihamlar irəli sürülüb.