19:34, 23 Oktyabr 2019 (Çərşənbə) 1020

"Atamla qardaşım bizi döydü, polis də bizi təhdid etdi"

"Atam və qardaşım məni, bacımı və anamı döydülər, amma həkimə və polisə müraciət etdilər ki, guya biz onları döymüşük".

Bunu Toplum.Tv-yə Nizami rayonu Çobanzadə küçəsində yaşayan Xuraman Səlimova deyib. 

O bildirib ki, hətta mediada da bu barədə məlumatlar yanlış yayılıb.

Xuraman Səlimova deyib ki, üçü də işgəncələrə məruz qalıb və xəsarət alıblar: "Anam və atam rəsmi şəkildə boşanıb və hazırda ev bölgüsü gedir. Hadisə axşam saat 8 radələrində  baş verdi. Biz evdən divanı satmışdıq. Həmin anda evə ustalar gələn zaman atam ustaların üstünə gələrək: "Bura mənim evimdir, cıxın evimdən", - dedi. Ustalar da bildirdilər ki, biz malı götürməyə gəlmişik, pulumuzu verin çıxaq. Ustalara nalayiq söyüşlər söyüb çölə çıxartdılar. Sonra qardaşıma zəng etdilər. Qardaşım gələndən sonra atamla birlikdə ustaların üstünə hücum çəkdilər. Onları ayırmağa çalışarkən məni, anamı və bacımı döydülər. Qardaşımla atam bacımı nalayiq sözlərlə təhqir edir və məhəllə boyu onu sürüyürdülər. Bacım yerə yıxılandan sonra da onu təpikliyirdilər. Mən araya girəndə məni də təpiklədilər. Anam "102"yə zəng vurmaq istədi. Bu zaman atam onu yumruqla vurdu". 

Onun sözlərinə görə, polis də bu məsələdə atası və qardaşını müdafiə edir: "Mən "102"yə zəng edəndən sonra gəlib müdaxilə etdilər. Hazırda sahə müvəkkili Xosrov Hüseynəliyevlə problemim var. Çünki bir neçə dəfə qardaşımla bağlı şikayət etmişdim, amma rəsmiləşdirməmişdi. Deyirdi ki, qardaşındır, döyüb əcəb edib. Hətta deyirdi ki, buralar mənim ərazimdir, mənim qanunlarım keçir. Şikayətimi rəsmiləşdirmədiyi üçün onu "102"yə şikayət etmişəm, amma şikayətimə baxılmır. Həmin polis də gəlib məni təhdid elədi ki, sən kimsən məni "102"yə şikayət edirsən. Hətta evə gəlib iti əlimdə almaqla təhdid etdi. Polis əməkdaşı hər dəfə onların tərəfini saxlayır. Bunu dəfələrlə Daxili İşlər Nazirliyinin "102" xidmətinə bildirmişəm. Xosrov Hüseynəliyev tez-tez qardaşımla görüşür, onu məhəllədən götürməyə gəlir". 

"Polis yaşlı anama deyib ki, qızın qara siyahımdadır, elə etməyin, sizi də salım. Elə etməyin ki, sizi bölməyə aparım, 4 qonşuya sizin haqqınızda ərizə yazdırım. Dünənki hadisədə də "102" xidməti hadisə yerinə başqa polis əməkdaşları yollamışdı, daha sonra Xosrov Hüseynəliyev də gəldi. Həm hadisə yerində, həm də  bölmədə bizim üstümüzə qışqırıb, təhdid edirdi”, - Xuraman Səlimova bildirib. 

O qeyd edib ki, polislə atası və qardaşı birləşərək mediaya məqsədli şəkildə yanlış məlumat ötürüblər. 

"Sosial şəbəkədə məlumat yaydım, kömək istədim. Bu gün də döyülməyimizlə bağlı ekspertiza rəyi çıxıb. Xəsarət almağımız təsdiqlənib. Onlar da biləşib mediaya yalan məlumat ötürür, bizim şikayətimizi təkzib etmək məqsədilə faktları ört-basdır etməyə çalışırlar. Amma hüquqi proses davam edir. Həmçinin həmin polis əməkdaşı haqqında da prokurorluğa ərizə yazmışıq”, - Xuraman Səlimova deyib. 

Oktyabrın 23-də APA agentliyi olayla bağlı məlumat yayıb. 

Məlumatda deyilir ki, Bakıda ana qızları ilə birləşib ərini və oğlunu döyüb. Hadisə Nizami rayonu, Çobanzadə küçəsində qeydə alınıb.  

"Bakı sakinləri Yusif Səlimov və oğlu Tofiq Səlimov düyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, Y.Səlimovla oğlunu keçmiş həyat yoldaşı və iki qızı döyüb. İlkin məlumata görə, cütlük bir müddət əvvəl boşanıb", - xəbərdə deyilir. 

Xuraman Səlimova isə bu məlumatı təkzib edib: "Anam II qrup əlildir, yaşlı qadındır. Bu, məqsədli şəkildə ötürülən xəbərdir. Hətta agentliklə də əlaqə saxlayıb yalan məlumat yaydığını bildirmişik". 
 
 Çinarə Səlimova   

Xuraman Səlimova , Çinarə Səlimova 

Şəmsiyyə İbişova