16:38, 19 Noyabr 2020 (Cümə axşamı) 150

Avropa Birliyi Qarabağ müharibəsindən zərər çəkənlərə yardım ayırıb

Avropa Birliyi Qarabağ müharibəsindən zərər çəkənlərə yardım ayırıb
Avropa Birliyi (AB) Dağlıq Qarabağ və onun ətrafındakı münaqişədən zərər çəkən mülki şəxslərə humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırıb. Bu vəsait döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilib ("Euronews", 19 noyabr).

AB-nin Böhran İdarəçiliyi üzrə Komissar; Janez Lenarçiç bildirib ki, qurum münaqişəsindən təsirlənən mülki əhalini dəstəkləməyə davam edir: "Biz əlavə humanitar yardım göndəririk. Döyüş əməliyyatlarının dayandırılmasını alqışlayırıq, bundan belə insanların daha çox əziyyət çəkməsinə yol verilməyəcək. Buna baxmayaraq, məcburi köçkün olan və koronavirus pandemiyası ilə əlaqədar sərt qış şəraiti ilə üzləşəcək həssas əhali qruplarının humanitar vəziyyətindən son dərəcə narahatıq”. 

Humanitar yardım çərçivəsində münaqişədən əziyyət çəkən əhaliyə ərzaq, qış əşyaları, tibbi-sanitar təminatı, tibbi avadanlıq və digər əsas təminat əşyaları çatdırılacaq.