13:40, 12 Fevral 2020 (Çərşənbə) 104

Avropa İttifaqı: "Seçkidə yol verilən pozuntular narahatlıq doğurur"

Avropa İttifaqı:
Avropa İttifaqı (Aİ) fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin qiymətləndirməsinə görə, namizədlərin çox olmasına baxmayaraq, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit səbəbindən həqiqi rəqabət olmayıb, bəzi müxalifət partiyaları məhdudlaşdırıcı mühiti əsas gətirərək seçkiləri boykot edib. 

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin olunmaması bəzi şəxslərin iştirakına mane olub.

Avropa İttifaqı hesab edir ki, ATƏT/DTİHB-nin vurğuladığı kimi seçki bülletenlərinin sayılmasında yol verilən pozuntular narahatlıq doğurur.

Avropa İttifaqı ATƏT/DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən verilən tövsiyələrə əməl olunmadığı üçün təəssüflənir.

"Avropa İttifaqı bu prosesdə Azərbaycana kömək etməyə hazırdır. Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir,” – deyə bəyanatda vurğulanır.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. 

Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Elmar Əziz