19:56, 06 Mart 2020 (Cümə) 197

Avropa Məhkəməsi Azərbaycanı 3500 avro cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı 3500 avro cərimələdi
Martın 5-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) növbəti dəfə Azərbaycanla bağlı qərar verib.

Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb. 

Bu dəfə Avropa Məhkəməsi hüquq müdafiəçisi Oqtay Güləliyevin şikayəti üzrə qərarını açıqlayıb. 

Məhkəmə şikayəti baxılacaq işlər siyahısından çıxarıb.

Qərar Oqtay Güləliyevin AİHM-ə 2012-ci ildə şikayəti ilə bağlıdır. 

Şikayət O.Gülalıyevə cinayət işi açılması, məhkəməyəqədər həbs edilməsi üzrə olub.

Bununla bağlı hüquq müdafiəçisinin vəkilləri məhkəməyəqədər həbsin qanunsuzluğunu mübahisələndiriblər.

Şikayətin Kommunikasiyası zamanı ərizəçi dostca həll təkliflərini rədd edib: "Ardınca, iddia (maddə 5.3) olunan pozuntunu etiraf edən, ərizəçiyə 3500 avro ödəməyi üzərinə götürən Dövlət məhkəməyə təktərəfli deklarasiya təqdim edib, şikayətin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq siyahıdan çıxarılmasını istəyib”.

AİHM qərarında qeyd edir ki, təktərəfli deklarasiya haqda ərizəçiyə məlumat göndərilib, amma o, həmin məlumata cavab verməyib.

Beləliklə, məhkəmə şikayətin siyahıdan çıxarılmasını məqsədəuyğun hesab edib.

Dövlət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

Elmar Əziz