Avropa İnsan Haqları Məhkəməsi(AİHM) Azərbaycanı 26 min avro cərimələyib.
Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb.
Məlumata görə, Avropa Məhkəməsi fevralın 27-də Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını açıqlayıb.
Qərarlardan biri araşdırmaçı jurnalist Xədicə İsmayılın şikayəti ilə bağlıdır.
Şikayət onun həbs edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən susi-istifadədə ittiham olunması, 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlı olub.
X.İsmayılın vəkilləri AİHM qarşısında iddia edirdilər ki, jurnalist əsaslı şübhə olmadan həbsdə tutulub, həbsdə tutulmasının qanuniliyinə etiraz etmək üçün gərəkli zaman, imkanlara sahib olmayıb, məhkəmələr qərəzli və tərəfli davranıb, təqsirsizlik prezumpsiyası hüququ pozulub.
Avropa Məhkməsindən X.İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı (eləcə də, 5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu) hüquqlarının pozuntusunun tanınması istənilib.
Avropa Məhkəməsi hesab edib ki, bu işdə dövlət araşdırmaçı jurnalistin 5-ci, 6-cı, 10-cu və 18-ci (5-ci maddə ilə birgə götürülməklə) maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edib.
Jurnalistə bu pozuntulara görə, ümumilikdə 25 min avro təzminat ödənilməlidir.
Jurnalist məhkəməyə 5 il əvvəl, 2015-ci ildə şikayət edib.
Bu qərar AİHM-in X.İsmayılova barəsində elan etdiyi 2-ci qərardır.
Avropa Məhkəməsinin Xədicə İsmayılın Avropa Məhkəməsinin Xədicə İsmayıl ilə bağlı ilk qərarı 2019-cu ilin yanvarın 10-da olub.
Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.
Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.
Bununla da məhkəmə jurnalistə, mənəvi zərərə görə 15,000 avro, məhkəmə xərclərinə görə 1,750 avro müəyyən edib.
Avropa Məhkəməsinin digər qərarı boşanma ilə bağlı olub.
Bu işdə ərizəçi Rasim Abuşov boşanıb, azyaşlı uşaqları anaya verilib: "Atanın və qohumlarının övladları ilə görüşməsinə şərait yaradılması üçün məhkəməyə müraciət olunmuş, ancaq ərizəçi yerli məhkəmələrin qərarlarından narazı qalmışdı. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, şikayətlərinə baxılarkən onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüquqları pozulub”.
Avropa Məhkəməsi Rasim Abuşovun Azərbaycana qarşı işdə şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusunu tanıyıb, hökuməti 1722 avro cərimələyib.
Ümumilikdə, AİHM hökumətin üzərində 26 min avrodan çox təzminat ödəmək vəzifəsi qoyub.
Elmar Əziz
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.