17:54, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 416

Avropa Məhkəməsi yeni qayda tətbiq edə bilər

Avropa Məhkəməsi yeni qayda tətbiq edə bilər
İlqar Məmmədov: "Qeyri-rəsmi təzyiq edəcəklər ki, şikayəti geri götür"

Avropa Məhkəməsi 2019-cu ildən etibarən yeni qayda tətbiq edə bilər. 

Bununla bağlı ReAl Partiyanın sədri İlqar Məmmədov öz "Facebook” hesabında yazıb.
 
 

İlqar Məmmədov qeyd edib ki, gələn ildən etibarən Avropa Məhkəməsi işlərə baxmazdan əvvəl dövlətə və şikayətçiyə barışmaq üçün 3 ay vaxt verəcək: "Ancaq bundan sonra Avropa Məhkəməsi şikayətlərin adi qaydada baxılmasına başlayacaq - kommunikasiya və s. Bu, Azərbaycanı əməliyyatçı şüuru ilə idarə edənlərin işini daha da asanlaşdıracaq: şikayətçilərə həmin müddət ərzində qohumları-yaxınları vasitəsilə ən ciddi qeyri-rəsmi təzyiqlər ediləcək ki, şikayətlərini geri götürsünlər. Hazırda məsələ Ali Məhkəməyə gedəndə dövlət hələ bilmir ki, adam Avropa Məhkməsinə qədər addımlayacaq, ya yox. İndi isə dəqiqini biləndən sonra əməliyyata başlayacaq. Sözün qısası, Avropa Məhkəməsi deyir ki, haqlarınızı özünüz qoruyun, bizi burada çox da narahat etməyin”.
 
 

Vəkil Əsabəli Mustafayev də düşünür ki, bu protokol hökumətə faydalı olacaq: "Avropa Şurası tərəfindən yeni protokol qəbul olundu. Protokolu Azərbaycan hökuməti imzalamayıb, buna görə də yəqin, Azərbaycana qarşı belə bir qayda tətbiq olunmayacaq. Bunun mahiyyəti ondadır ki, sonuncu instansiya müxtəlif ölkələrdə fərqli ola bilər. Bəzi ölkələrdə sonuncu instansiya Apelyasiya Məhkəməsidir, bizdə isə Ali Məhkəmədir. Bu qaydaya uyğun olaraq Ali Məhkəmə ona daxil olan hər hansı bir iş üzrə Avropa Məhkəməsinə sorğu göndərir ki, məsələni necə həll etmək olar, burada insan haqları pozulmasın. Avropa Məhkəməsi də öz rəyini bildirir, yəni bu məcburi rəy deyil, sadəcə, tövsiyə xarakterlidir. Bu addım ona yönəlib ki, ölkə daxilində qəbul edilmiş qərarlardan Avropa Məhkəməsinə verilən şikayətlər azaldılsın, məhkəmələr doğru qərarlar qəbul edilsin. Qısacası, Avropa Məhkəməsinə şikayət verməyə ehtiyac qalmasın. Avropa Şurasının məqsədi budur. Orada barışıq olub-olmaması ona aid deyil”.

Ə.Mustafayev əlavə edir ki, bu praktika protokoldan əvvəl də mövcud olub, lakin belə barışıqlar çox az olur, bizdə isə heç olmayıb: "Onsuz da Avropa Məhkəməsi hər bir iş üzrə tərəflərə təklif edir ki, öz aranızda danışın və iş siyahıdan çıxarılsın. Praktikada belə barışıqlar çox az olur, bizdə isə heç olmayıb. Adətən, hökumətin dediyini biz qəbul eləmirik, bizim dediyimizi də onlar qəbul eləmir. Ancaq bu prosedur həmişə olub. Bu, sadəcə olaraq, Avropa Məhkəməsinin tövsiyəsidir, Ali Məhkəmənin bu tövsiyəyə riayət edib-etməyəcəyi bəlli deyil. Azərbaycan Ali Məhkəməsi Avropa Məhkəməsinin rəyinə uyğun qərar qəbul etsə, o şikayətin Avropa Məhkəməsində udmaq şansı olmaz. Çünki Avropa Məhkəməsinin, Avropa Konvensiyasının standartlarına uyğun qərar qəbul edilmiş olacaq. İstənilən halda tərəflərdən hansısa narazı qalıb, şikayət edə bilər. Bununla da, hökumətə imkan verilir ki, konvensiyaya uyğun qərar qəbul edə bilsin. Bu, daha çox hökumətin marağında olmalıdır. Lakin bizə aydın deyil ki, Azərbaycan hökuməti bu protokolu nəyə görə hələ də imzalamayıb. İlk baxışda, bu, yaxşı məramlı işə bənzəyir, protokol qaydalarına əməl olunsa, Azərbaycan hökumətindən Avropa Məhkəməsinə daha az şikayət gedər”.

Avropa İnsan Haqları Məhkəməsi "2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında Azərbaycandan AİHM-ə 679 şikayət daxil olduğunu açıqlayıb. 

Bu şikayətlərdən 210-u qəbul edilməyib, 97 iş üzrə qərar çıxarılıb. 

2016-cı illə müqayisədə 2017-ci ildə daxil şikayətlərin sayı 2 dəfədən çox artıb. Belə ki, 2016-cı ildə AİHM-ə Azərbaycan üzrə 331 şikayət daxil olub. 

Onların 136-sı qəbul olunmayıb, 50-si üzrə isə qərar çıxarılıb. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub.

Ofelya Ramilqızı
Toplum.Tv