14:14, 25 Oktyabr 2018 (Cümə axşamı) 196

Avropa plastikdən imtina edir

Avropa plastikdən imtina edir


/ DÜNYA
Avropa Parlamenti Avropa İttifaqında bəzi birdəfəlik plastik məmulatların (əsasən qab-qacaq, qulaq üçün pambıq çöp, kokteyl çubuğu və qarışdırıcısı, hava şarlarının tutacağı) istifadəsinə qadağa tətbiq edib. 

"Guardian" yazır ki, oktyabrın 24-də keçirilən səsvermədə 571 deputat qadağanın lehinə, 53 deputat əleyhinə çıxıb. Yasaq 2021-ci ildən tətbiq olunacaq.

Qanun müəllifləri dənizlərin çirklənməsində plastik məmulatların payının 80% olduğunu əsas gətiriblər.

Avropa İttifaqı 2025-ci ilə qədər alternativi olmayan bəzi plastik məmulatların istifadəsini azaltmaq niyyətindədir. Bu tip məmulatlara qida məhsulları (meyvə-tərəvəz, şirniyyat və dondurmalar da daxil olmaqla) üçün istifadə olunan birdəfəlik qutu, qab, konteyner, o cümlədən siqaret filtrlərində istifadə olunan plastik daxildir.

1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.