14:29, 26 İyun 2019 (Çərşənbə) 89

Avtandil Məmmədov Gürcüstanda 1800 manata azadlığa buraxıldı

Avtandil Məmmədov Gürcüstanda  1800 manata azadlığa buraxıldı
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı, hüquq müdafiəçisi Avtandil Məmmədov iyunun 25-də 3000 lari (1200 ABŞ dolları) girov ödədikdən sonra azadlığa buaxılıb.

Bu barədə Turan İA məlumat verib.

Bu il iyunun 19-da Gürcüstanın Kvemo-Kartli regionunun Marneuli Rayon Məhkəməsi Məmmədovun 3000 lari girov müqabilində azadlıqa buraxılması barədə qərar qəbul edib.

O bildirib ki, Gürcüstan prokurorluğu girov müqabilində azadlığa buraxılmasının əleyhinədir. Bu səbəbdən hüquq müdafiəçisinin həbsdə saxlanılması üçün protest verib.

"Mənim ekstradisiyam ilə bağlı Azərbaycanın müraciətinə məhkəmədə baxıldı. Məhkəmə mənim ictimai-siyasi fəaliyyətimi nəzərə alaraq, sübutları məhkəməyə təqdim etməyim üçün 3000 lari girov müqabilində 3 aylıq müddətə azadlığa buraxılmağım barədə qərar qəbul etdi. Dövlət ittihamçısı bununla razılaşmadı, həbsdə saxlanılmağım üçün məhkəmə qərarından Apellyasiya Məhkəməsinə protest verib. Mən də dövlət ittihamçısının protestinə qarşı girovsuz azadlığa buraxılmağım üçün apellyasiya məhkəməsinə protest vermişəm", - hüquq müdafiəçisi qeyd edib.

A. Məmmədov 8 günlük həbs müddətinin 4 günündə psixoloji təzyiqlərə məruz qaldığını deyib.

"Həbsimin ilk dörd gününü Gildani təcridxanasında saxlanıldım. Təcridxanada kifayət qədər problemlər olsa da mənə qarşı münasibət normal idi. İlk dörd gündə hər hansı qeyri-insani rəftarla rastlaşmadım. Dödüncü günü Gildani təcridxanasında müstəniq vəkilimlə birgə mənimlə görüşdü. Mənə bir neçə sual verdi. O suallar ilkin olaraq da verilmişdi və cavab vermişdim. Əsas sual o idi ki, könüllü ekstradisiya olunmağımı istəyirəmmi? Həmin anda bu sualı artıq cavablandırdığımı bildirdim. Bu görüşdən sonra öncədən heç bir məlumat verilmədən məni Gildani təcridxanasından çıxararaq 6 saylı Rustavi şəhər qapalı həbsxanasına köçürdülər. Orada təkadamlıq kameraya yerləşdirdilər. Kamerada 4 videokamera vasitəsi ilə müşahidə altında idim. Orada mənə psixoloji işgəncələr verirdilər. Siqaret vermirdilər, telefon danışığım məhdudlaşdırıldı, qapalı həbsxanaya köçürülməyimlə bağlı vəkilimi məlumatlandırmağıma imkan vermədilər, həbsxana rəisinə müraciətim qəbul edilmədi, yuyunmaq üçün sabun vermirdilər, kibrit vermirdilər, ya da dənələri qırıb verirdilər, o da yanmırdı. Bütün bunlar mənim könüllü ekstradisiya ilə bağlı suala mənfi cavabımdan sonra baş verib",- A.Məmmədov bildirib.

Hüquq müdafiəçisi hazırda ictimai-siyasi fəaliyyətinə görə ölkəni tərk etməyə məcbur olduğu barədə maddi sübutları məhkəməyə təqdim etmək üçün hazırladığını deyib.

"Mənə qarşı Azərbaycanın Quba rayon polis şöbəsində 2017-ci ildə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb. Bu məndən qisas almaq üçün edilib. Qisasın məqsədi İşgəncələrə qarşı Komitənin sədr müavini olarkən hüquq- mühafizə orqanlarının əməkdaşlıq təkilifi ilə razılaşmamağımdır. 2015-2016-ci illərdə hüquqi şəxs yaratmadan hüquq xidməti sahəsində fəaliyyətim əsasında məhkəmələrdə etibarnamə ilə təmsil etdiyim şəxslərə təzyiq edərək onlardan guya artıq pul almağımla bağlı əleyhimə ifadə alıblar və bunun əsasında barəmdə cinayət işi qaldırıblar. Diplomatik korpuslara müraciət edərək hüquqlarımı müdafiə etmələrini xahiş edirəm",- o qeyd edib.

Hüquq müdafiəçisi Gürcüstanda siyasi sığınacaq almaq üçün 2017-ci ildə müraciət edib.

"Hazırda Gürcüstanda müraciətimə baxış davam edir. Gürcüstanı artıq təhlükəli ölkə hesab edirəm. Bu səbəbdən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından xahiş edirəm ki, mənim 2017-ci ildə etdiyim müraciətə baxışı sürətləndirsinlər və ailəmin tezliklə təhlükəsiz ölkəyə köçürülməsinə kömək etsinlər. Eyni zamanda Gürcüstandakı diplomatik nümayəndəliklərdən, hüquq- müdafiə təşkilatlarından kömək etmələrini xahiş edirəm",- A.Məmmədov deyib.

2017-ci ildə Gürcüstandan sığınacaq istəyən və orada yaşayan hüquq müdafiəçisi Avtandil Məmmədov 2019-cu il iyunun 17-də yerli polis tərəfindən saxlanılıb.

Azərbaycan DİN-in Gürcüstan DİN-ə göndərdiyi məktub əsasında A.Məmmədovun barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Gürcüstanın hüquq-müdafiə təşkilatları A. Məmmədovun hüquqlarının müdafiəsinə qoşulub. Gürcüstan İnsan Hüquqları Evinin tutduğu vəkil Rusudan Mçedlişvili onun hüquqlarını müdafiə edib.

A. Məmmədov 2008-ci ildən Azərbaycanda QHT-lərdə çalışıb. Bir müddət İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub.

2011-ci ildən Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.

2015-ci il parlament seçkiləri zamanı bitərəf vətəndaşların seçkilərini müşahidə məqsədi ilə "Şimal müstəqil seçki müşahidə qrupu" təsis edib.

A.Məmmədov bir neçə dəfə polisdə dindirildikdən və təzyiqlərə məruz qaldıqdan sonra 2017-ci ilin yazında mühacirətə getdiyni bildirib.

2018-ci ilin oktyabrında Gürcüstanda Hüquq və Azadlıqların Müdafiə İnstitutu (HAMİ) adlı hüquq-müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir.

A.Məmmədov mühacirətdə olduğu zaman onun ailə üzvləri Azərbaycanda dəfələrlə polisdə dindirilib.

Azərbaycanın hüquq-mühafizə orqanları A. Məmmədovun Gürcüstanda saxlanılması ilə bağlı hələ məlumat yaymayıblar. Onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham edildiyi barədə də indiyədək rəsmi məlumat verilməyib.

Gürcüstan hüquq- mühafizə orqanları da hələ Avtandil Məmmədovun dediklərinə şərh verməyiblər.